Həvəskarlar Liqasında yarışan "Ağdaş" Futbol klubu I dəstəyə çıxmaq üçün mübarizəsini aparır. Artıq klubun elitaya çıxmaq üçün sponsor axtarışları da nəticə vermək üzrədir.
Bu barədə qaynarinfo.az-a klubun təsisçisi, həmçinin oynayan futbolçu Rəhman Əliyev deyib: "Mənim atam vaxtı ilə peşəkar futbolda Ağdaşın "Şirvan" klubunun şərəfini qoruyub. Bu üzdən istəyirəm ki, Ağdaşda futbolun ənənələri yenə yaşasın. Artıq qonşu rayonlarımız da bizim futboldakı qələbələrimizə sevinir. İndi lazımdır ki, böyük futbolda çıxışımızı davam etdirək. PFL prezidenti Ramin Musayevlə şəxsən görüşüm olub. O da bizim I dəstədə oynamağımızı istəyir. Bunun üçün daimi sponsorumuz olmalıdır. Sponsor axtarışımız davam edir. Yaxın günlərdə bu barədə yenilik olmalıdır".
Əliyevdən komandalarının Həvəskarlar Liqasındakı çıxışından da soruşduq. Onun sözlərinə görə, "Ağdaş" hazırda turnirin ən güclü "4-lüy"ünə vəsiqə qazanıb:
"Qrup mərhələsini I pillədə başa vurmuşduq. Növbəti mərhələdə Masallının "Boradigah" komandasını evdə 2:0 məğlub etdik. Masallıda isə 1:2 uduzduq. Həmin matçda 1 qolumuz sayılmadı və üstəlik, matçı azlıqda bitirməli olduq. Bununla belə, 2 matçın nəticəsinə əsasən yarımfinala adladıq.
İyulun 24-də isə Həvəskarlar Liqasının yarımfinalının ilk görüşünü Ağdaşda keçirəcəyik. Rəqibimiz Sabirabadın "Çağırğan" klubudur. Oyun saat 18:00-da başlayacaq. Fürsətdən istifadə edərək sizin vasitənizlə kluba mənəvi cəhətdən dəstək vermək üçün bütün ağdaşlıları stadiona toplaşmağa çağırıram".
Fanat.az