Azərbaycan klublarının cari mövsümdə avrokuboklarda qazandığı məbləğ müəyyənləşib. Fanat.Az xəbər verir ki, qitəmiqyaslı turnirlərə vəsiqə əldə edən 4 klubumuz ümumilikdə 7 milyon 495 min avro qazanıb. Bu hazırkı məzənnə ilə 13 milyon 771 min 313 avro deməkdi.
Ən çox qazancı "Qarabağ" əldə edib. Mübarizəyə Çempionlar Liqasından başlayıb çıxışını Avropa Liqasında davam etdirən Ağdam klubu ümumilikdə 3 milyon 340 min (6 milyon 136 min 916 manat) qazanıb. Bunun 740 min avrosu Çempionlar Liqasının və Avropa Liqasının təsnifat mərhələlərindəki nəticələrə, 2 milyon 600 min avrosu Avroliqanın qrup mərhələsinə vəsiqəyə görə əldə olunub.
Avropa Liqasında 4 mərhələ keçən "Qəbələ" büdcəsini 3 milyon 275 min avro (6 milyon 17 min 485 manat) artırıb. Təsnifat mərhələlərində 675 min avro əldə edən "qırmızı-qaralar" qrupa vəsiqəyə görə 2 milyon 600 min avro qazanıb.
Avropa Liqasının ilk iki mərhələsində çıxış edən "Neftçi" və "Kəpəz" isə hərəyə 440 min avroya (808 min 456 manat) sahib çıxıb.
Qeyd edək ki, qrupda çıxış edəcək "Qarabağ"la "Qəbələ" qazancını artıra bilər. Belə ki, UEFA qrup mərhələsində hər qələbəyə 360 min, heç-heçə 120 min avro verəcək. Daha böyük uğurlar qazanacaqları halda, klublarımızın öz büdcəsini bir qədər də artırmaq imkanı var:
Qrup qalibi olacaq komanda əlavə 600 min avro qazanacaq
Qrup ikincisi olacaq komanda 300 min avro qazanacaq
1/16 finalın hər iştirakçısı 500 min avro qazanacaq
1/8 finalın hər iştirakçısı 750 min avro qazanacaq
1/4 finalın hər iştirakçısı 1 milyon avro qazanacaq
1/2 finalın hər iştirakçısı 1,6 milyon avro qazanacaq
Finalda qalib gələcək komanda 6,5, finalda uduzan isə 3,5 milyon avro qazanacaq.
Fanat.Az