“Qəbələ” bizi bütün komponentlərdə üstələdi. Rəqibin hegemonluğu meydançada göründü”. Bu sözləri “Neftçi”nin məşqçisi Tofiq Mustafayev deyib.
Ölkə çempionatının IV turu çərçivəsində bu gün “Qəbələ”ni qəbul edən “Neftçi” 0:8 hesabı ilə uduzub. Matçdan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın məşqçisi Tofiq Mustafayev iştirak edib: “Neftçi”nin fiziki durumunun pis olduğunu hiss etdim. Hamının müqaviləsi var və hər bir futbolçu maaş alır. Başa düşməlidilər ki, burda məsuliyyətli futbolçular çıxış etməlidi. Vəli Qasımovla dünən ayrılmışıq, onunla bu gün əlaqə saxlamamışıq. Amma acı olsa da, düzgünlüyü demək lazımdı. Bu nəticə böyük biabırçılıqdı. Amma bu biabırçılıq gözlənilirdi”.
- Tarixi olan “Neftçi”nin bu hala düşməsinə nə ad qoymaq olar?
- Əgər meydanda mübarizə yoxdusa, belə olmalıdı. Mən bu oyunda futbolçularda məsuliyyəti hiss etmədim.
- 0:8 hesablı məğlubiyyətdə məşqçilər korpusunun günahı neçə faizdi?
- Komanda qalib gələndə hamı təriflənir, uduzanda isə məşqçilər korpusu tənqid olunur. Deməli, hamımız günahkarıq. Baş məşqçi istefa versə, mən də verəcəm.
- Bütün məşqçilər heyəti istefaya göndərilsə, yeni gələcək məşqçiyə nə məsləhət verərdiz?
- 0:8 hesabı ilə uduzmamaq üçün birinci mübariz komanda yaratmaq lazımdı. Tam məsuliyyətimlə deyirəm ki, fiziki hazırlıq düzgün keçilməyib. Keçən il komandanı götürdük, həm fiziki, həm taktiki hazırladıq. Keçən ilki nəticələrlə bu ilki nəticələri müqayisə edə bilərsiz. Bütün günahı ispan məşqçimizin üzərinə atmaq istəmirəm. Bilmirəm, o, kimin istəyi ilə komandaya gəlib, amma fakt belədi.
- Klubun transfer siyasətində də səhvlər olduğunu etiraf edirsiz?
- Deməzdim ki, onlar zəifdilər, sadəcə vaxt lazımdı. O vaxt Subaşiçi “Neftçi”yə gətirəndə 6 ay oynamamışdı. Sonra özünə gəldi, yaxşı oyun göstərdi. Kluba gələn əcnəbilər onun tarixini bilməlidilər.
- Bəlkə komandada məşqçilərin və ya rəhbərliyin “torbasını” tikən futbolçular var?
- Mən belə şeyə inanmıram. Rəhbərlik onlara hər cür şərait yaradılıb. Rəhbərlik futbolçularla tam səmimidi.
- Ruslan Qurbanov açıqlamasında ona “Neftçi”də it kimi davranıldığını deyib...
- Mən belə düşünmürəm. O, komandanın liderlərindən idi. Ruslana qarşı pis münasibət olmayıb.
- Əvəzedici heyət bu gün meydana çıxsaydı, sizcə, daha qeyrətli oynamazdı?
- Razıyam. Onlarda motivasiya daha çox olacaq, gözləri yanacaq. Bəlkə də, taktiki planda uduzacaqdılar, amma sona qədər döyüşəcəkdilər.(apasport)
Fanat.Az