Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun matçları çərçivəsində baş tutacaq "Anderlext" - "Qəbələ" matçının hakim təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA görüşü avstriyalı hakimlər briqadasına tapşırıb.
Matçın baş hakimi Harald Lexner olacaq. Ona Maksimilian Kolbitş və Andreas Heydenrix yardım edəək. Dördüncü hakim funksiyasını Andreas Staudinger yerinə yetirəcək. Markus Hameter və Aleksander Harkam isə oyuna əlavə köməkçi hakimlər kimi təyinat alıb.
Qarşılaşmanın UEFA nümayəndəsi çexiyalı Emil Ubias olacaq. Hakimlərin işinə isə italiyalı hakim-inspektor Lusiano Luçi qiymət verəcək.
Matçın baş hakimi Harald Lexner Azərbaycan futboluna tanış simadı. Avstriyalı referi 4-cü dəfə bir komandamızın görüşündə ədalət təmsilçisi olacaq.
O, indiyə qədər 3 dəfə Azərbaycan yığmasının matçında fit çalıb. Lexner yığmamızın oyununu ilk dəfə ötən il iyunun 7-də idarə edib. Avstriyada baş tutan yoldaşlıq görüşündə millimiz Serbiyaya 1:4 hesabı ilə məğlub olub.
Komandamızın avstriyalı ilə yolu 3 ay sonra yenidən kəsişib. Bu dəfə isə "AVRO-2016"nın seçmə mərhələsində Malta - Azərbaycan görüşünün baş hakimi Lexner olub. 2:2 hesabı ilə nəticələnən matçda referi yalnız rəqibin 1 oyunçusuna sarı vərəqə göstərməklə kifayətlənib. O, millimizdən Rahid Əmirquliyevun dublunu qeydə alıb.
Lexner və onun briqadası bu il ölkəmizə ilk dəfə may ayında səfər edib. Bu dəfə yoldaşlıq görüşü çərçivəsində Azərbaycan - Andorra matçını idarə etmək üçün. Qolsuz bərabərə başa çatan qarşılaşmada referi millimizdən Adil Nağıyev, Elvin Məmmədov və Dmitri Nazarovu sarı vərəqə ilə cəzalandırıb.
Fanat.Az