AFFA İcraiyyə Komitəsi 14 avqust 2013-cü il tarixli iclasında bir qərar qəbul edib: klublarda Müşahidə Şurası yaradılsın. Həmin ilinin dekabrında baş tutan toplantıda isə məlum qərarın icrasının 2 müddətinə uzadılmasına, göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunmasına hökm verilib.
Artıq 3 il keçib. Lakin buna rəğmən, Müşahidə Şurası təsis etməyən iki klub qalıb – “Qarabağ” və “Qəbələ”. Maraqlıdır ki, hazırda Premyer Liqada çempionluq uğrunda mübarizə məhz bu kollektiv arasında gedir. Üstəlik, sözügedən komandalar hazırda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edirlər.
Şuralaşan klubların durumu isə göz önündədir – “Neftçi” tarixinin ən ağır günlərini yaşayır, klubun ipi kimin əlindədir bəlli deyil. “Kəpəz”də söz sahibi olmaq üçün AFFA ilə Gəncə şəhər rəhbərliyi arasında soyuq savaş gedir. Elə Topaz Premyer Liqasının sonuncu turunda bu kollektivlər arasında baş tutan görüşdə yaşanan biabırçılığın səbəbi hər iki klubun ciddi nüfuzu olmayan şəxslərə həvalə edilməsidir. Əks halda, Gəncənin icra başçısı “Neftçi” nümayəndələrini VİP-sektordan azarkeşlərin yanına qovacaq qədər irəli getməzdi. “Kəpəz”i idarə edənlər də əmrə müntəzir olan şəxslərdir. Normalda əyalət klubunun rəsmilərindən kimsə başçının qonaqları aşağılamasının qarşısını almalı idi. Lakin onlar da gözəl bilirlər ki, kluba heç bir aidiyyətinin olmamasına rəğmən, Vəliyevin sözünün qarşısına söz desələr, özləri də tribunaya qovulacaqlar. Bax, “şura hökuməti” “Neftçi” və “Kəpəz” kimi klubları bu qədər cılızlaşdırıb.
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevdir. Tanınmış yazıçı 57 illik həyatındakı üzləşdiyi tənqidləri tərəzini bir, kluba gələndən sonra eşitdiklərini digər gözünə qoysa, sonuncu ağır gələr.
Sədr Çingiz bəy olsa da, klubu və komandanı AFFA-nın adamları – icraçı direktor Elnur Məmmədovla Vəli Qasımov idarə edirdi. Ardıcıl uğursuz oyunlardan sonra onların “bileti kəsildi”. İndi də assosiasiya Orxan Hüseynzadə ilə Elxan Abdullayevi hadisə yerinə “ezam edib”.
“Kəpəz”də isə yuxarıda qeyd etdiyimiz kimi vəziyyət çox qarışıqdır. Müşahidə Şurasının sədri icra başçısının oğlu Elmir Vəliyevdir. Lakin Vəliyevlər öz ciblərindən kluba pul xərcləmək fikrindən uzaq olmaqla yanaşı, “Kəpəz”də söz sahibi olmaq üçün AFFA ilə çəkişmədədirlər. Mehman Allahverdiyev məhz bu “soyuq müharibə”nin qurbanı oldu, icraçı direktor vəzifəsini Cabir İbrahimova təhvil verib getdi...
Açığı, belə durumdansa, AZAL kimi qəpiyə güllə atmaq yaxşıdır. Sonuncu pillədə olsalar da, ancaq meydanda uduzurlar, klub rəsmilərini kimsə aşağılamır. “Təyyarəçilər”in rəsmi saytına qeyd edilməsə də, orada da Müşahidə Şurası var. Sədri də adını sonucu dəfə 2014-cü ildə eşitdiyimiz Rəsul Rəsulovdur. Elə klubun prezidenti Zaur Axundov da bu postda formallıqdan yer alıb. Faktiki AZAL-ı vitse-prezident Fikrət Hüseynov idarə edir.
“Sumqayıt”da da nəticə yoxdur, lakin stabillik və sakitçilik hökm sürür. ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev “Sumqayıt”ın da Müşahidə Şurasının sədridir. Lakin bu, formallıqdan başqa bir şey deyil. Klubu prezident Kamran Quliyev idarə edir. Söz sahibi odur.
Qaldı ikisi – “Zirə” və “İnter”. Hər iki klub “şura hökuməti”nin bayrağına boyun əyiblər. Lakin nədənsə, rəsmi saytlarında bu barədə xüsusi bölməyə, məlumata rast gəlmək olmur.
“Zirə”də Müşahidə Şurasının adı var, özü yoxdur. Klubun baş sponsoru “AzFar” şirkətinin rəhbərliyində dəyişiklik olduğundan, qəsəbə təmsilçisinin təsisçisi də dəyişəcək. “Zirə” futbol klubunun prezidenti Vüqar Astanov avqustun 9-da vəzifəsindən getməsi, işlərin müvəqqəti olaraq icraçı direktor Natiq İsmayılova həvalə edilməsi bununla bağlıdır.
Klubda yaxın vaxtlar Müşahidə Şurasının yeni tərkibi müəyyənləşməli, prezident təyin olunmalıdır.
“İnter”in prezident kreslosu isə lənətlənib. Məlum səbəblərdən postundan istefa verən Georgi Nikolov vətəni Bolqarıstana dönə bilmir. Əcnəbi futbol funksioneri 2015-ci il sentyabrın 19-da Bolqarıstana getmək istəyərkən hava limanında saxlanılıb və bildirilib ki, onun çıxışına qadağa qoyulub. Səbəb isə “Beynəlxalq Bank işi” ilə bağlı şahid sayılmasıdır.
Ötən ayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə kollegiyasının hökmü ilə Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib. Ona 63 milyon 80 min manat məbləğində cərimə kəsilib.
Gəl ki, prezident postunu 2015-ci ilin dekabrında Rəşad Qasımova təhvil verən Nikolov hələ də Azərbaycanda qalmağa məhkumdur. Onu əvəzləyici isə işinin öhdəsindən əla gəlirdi. Təsadüfi deyil ki, komanda hazırda 3-cü pillədədir, klubun işləri yolunda gedir. Ancaq Qasımov ötən ay gözlənilmədən postundan istefa verdi.
Rəhbərliyin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub. Lakin klubu faktiki olaraq “İnter” Müşahidə Şurasının sədri olan Yohann Enqbrext idarə edir. Yeni prezidentin təyinatı isə yubanır. Bəlkə də, heç olmayacaq da...
Yeri gəlmişkən, Enqbrext yeganə şəxsdir ki, Müşahidə Şurası sədridir və klubu özü idarə edir. O, "İnter"ə maliyyə naziri Samir Şərifovun istəyi ilə gətirilib. Almaniya “Commerzbank”nın 5 ildi ki, Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən alman Samir Şərifovun ailəsinə məxsus biznesin ortaqlarından biridi.
Fanat.Az