“Hər kəs gördü ki, hava şəraitinə baxmayaraq, pis oyun getmədi, yaxşı oynadıq”. Fanat.Az xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Azərbaycan Premyer Liqasının XV turunda “Kəpəz”i qəbul edən “bankirlər” meydandan 4:1 hesablı qəbələ ilə ayrılıblar.
Gürcüstanlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: “İlk qolu buraxmağımıza baxmayaraq, əlimizi yanımıza salmadıq. Əvəzini çıxdıq və qalib gəldik. İlk dəfə deyil ki, belə halla üzləşirik. Ad günümdə uşaqlar mənə yaxşı hədiyyə etdilər”.
- Demək olarmı ki, oyunun həlledici məqamı bərabərlik qolunu ilk hissədə vurmağınız oldu?
- Birinci hissədə bərabərlik qolunun vurulmasının təsiri oldu. Amma ilk hissədə geriyə düşüb, sonda qələbə qazandığımız matçlar da olub. Hücumu gücləndirəcək oyunçularımız var.
- Bu gün qələbə qazandınız, dünən isə sponsorsuz qaldınız. Kədərlənirsiz, yoxsa sevinirsiniz?
- Sponsorlar nə qərar verirlərsə, bu, onların öz işidi. Bizim işimiz meydana çıxıb, oyunumuzu göstərməkdi. Müqaviləmiz var, öz işimizi görürük. Sabah nə olacaq, bunu indidən demək olmaz. Mövsümün sonuna qədər komandanı 3 və ya 4-cü yerdə saxlamaq istəyirik. Təbii ki, indiki vəziyyətdə hədəf 3-cülükdü.
- Belə çətin olmayacaq?
- Xeyr, uşaqlara dedim ki, yaxşı oynamaq, güclü olduğumuzu göstərmək lazımdı. Belə olsa, sponsor da olar.
- Ötən mövsüm avrokuboka gedə bilmədiniz. Yenidən avrokuboklardan kənarda qala bilərsiniz. Düşünmürsünüz ki, bu, ədalətsizlik olar?
- Təbii ki, ədalətsizlik olardı. FİFA tərəfindən transfer qadağası var. Bunu götürsələr, komandanı gücləndirib, layiqli şəkildə çıxış edərik. Amma indiki futbolçularla da çıxış edə bilərik. Təbii ki, mövsümün sonunda onlar komandanı tərk etməsələr.
- Deyəsən Ruslan Abışov və Ağabala Ramazanovun gedişi komandaya mənfi təsir etməyib…
- Əlbəttə, təsir edib. Ümid edirik ki, bu, ciddi təsir etməyəcək. Hər ikisi yaxşı futbolçudu, məhsuldarlıqları var. Amma çalışırıq ki, əlimizdəki oyunçular bu itkini hiss etdirməsin. (apasport.az)
Fanat.Az