Neçə vaxtdır sosial şəbəkədə gözümə “məşqə gecikirəm” sözlü statuslar, şərhlər dəyirdi. Necə olubsa, başım qarışıb, bu yeni lağlağı trendinin qaynağını ötürmüşəm.
Ancaq xalqımızın baməzə övladlarının bitməyən bu lağlağı kampaniyası vadar etdi ki, “Sabahın xeyir, kral” klipindən sonra bu qədər populyarlaşan “məşqə gecikirəm” söhbətini öyrənim, qarabağlılar demişkən, vacehinə yetim.
Gənclərdən soruşdum, video linki göstərdilər, baxdım.
Bilənlər bilir, bilməyənlər üçün aydıralım ki, kamera qarşısında 16-17 yaşlı, bığ yeri tərləmiş, amma hələ ülgüc dəyməmiş bir növcavan gənc dayanıb, reportyor ona 20 Yanvar faciəsi haqda sual verir, bu günün nəylə əlamətdar olduğunu soruşur, gənc də deyir ki, bilirəm, amma məşqə gecikirəm. Jurnalist bir az da dirəşir, gənc cavab verir ki, faciə olub, ermənilər gəlib Azərbaycanın torpağını işğal eləyiblər.
Hiss olunur ki, o gənc həqiqətən də məşqə gecikir. Uşağın fikri-zikri məşqdədir, idmançı olmaq, bayrağımızı qaldırmaq, himnimizi oxutmaq, olimpiadada qızıl medal qazanmaq, yarım milyon pul, ev, maşın əldə etmək istəyir.
Sadəcə, adam bir işə mat qalır ki, budur 27 ildir ki, hər dəfə yanvar ayında millət “şəhidlər” deyə-deyə qara bağlayır, göy örtür, yüz minlərlə insan ziyarətə gedir, orta məktəblərdə dərsini də keçirlər, tədbirlər təşkil edirlər, bu uşaq harada böyüyüb ki, bütün bunlardan xəbərsiz qalıb?
Böyük ehtimalla məşqə gecikmək istəməyən o gənc məktəbə, dərsə həmişə gecikib, ona görə hər şeydən xəbərsizdir.
Bu xüsusda bir az amerikalılara çəkmişik. Onların da (çoxunun) dünyadan xəbəri yoxdur. Ötəndəfəki prezident seçkilərində vitse-prezident postuna namizəd olan qubernator qadın böyük-böyük ölkələrin belə harada yerləşdiyini bilmirdi. Hətta özüm Amerikada olanda (axırıncı dəfə) bir italiyalı professorla həmsöhbət oldum, adam özü musiqiçiydi, həvəskar gitaraçı idi, amma öz soydaşı, eləcə də həmvətəni, dünya şöhrətli bəstəkar Ennio Marrikonini tanımırdı. Ondan ötrü Marrikoninin “Bir dəfə Amerikada” filminə yazdığı məşhur melodiyanı zümzümə də etdim, dedi ki, birinci dəfədir eşidirəm. O qədər yəni.
Bu baxımdan manısların yazıçı Steynbeki və Markesi tanımamalarını artıq normal qarşılamaq olar. Eləcə də Şərif Ağayar sabah müğənni Niyamla qarşılaşsa və onu tanımasa, gərək günahından keçək. O jurnalistlərdir, hamını tanıyırlar - Nadir Qafarzadədən tutmuş Cem Yılmaza, Britni Spirsə, Şakiraya, onun əri Pikeyə, Ərdoğanın müşaviri Boynukalına qədər hər kəsi. Eləcə də jurnalistlər Ekvadorun, Malinin, Laosun hansı qitələrdə yerləşdiyini, paytaxtlarının hansı şəhər olduğunu bilməyə borcludurlar. Bilməsələr, bu, minus sayılır.
Hərçənd elə elementar şeylər var ki, bunları hamı bilməlidir. Məsələn, hamı ölkəmizlə qonşu olan dövlətləri, Murovdağın harada olduğunu, Sınıq körpünün harada yerləşdiyini bilməlidir.
Axtarsaq, məlum olacaq ki, 20 Yanvarın nə günü olduğunu bilməyən o məşqə gecikən gənc 14 fevralın nə günü olduğunu bilir. Niyə? Çünki ikinci daha maraqlıdır, türkün sözü, aşk-məşq məsələsidir (düzünə qalsa, adam gərək bu məşqə də gecikməsin).
Dünyanın hər tərəfində belədir. O gün TRT-1-də bir bilik yarışması göstərirlər, ali təhsilli, mədəni görünüşlü bir gənc xanım “teatr tamaşasındakı fasiləyə nə deyirlər” sualının cavab variantları arasında “antrakt”dan başqa bütün cavabları seçdi və uduzdu. Demək ki, bu xanım o yaşa çatıb, ömründə bir dəfə teatrda olmayıb. Bu cür “zəngin intellekt”ə sahib olan şəxsin bilik yarışmasında nə işi var - bu başqa bir sualdır.
Məşqə gecikməyə qalsa, Ronaldo, Messi, üzgüçü Felps, tennisçi Rafael Nadal və yüzlərcə başqa məşhur idmançılar da məşqə gecikmirlər, amma telekamera önündə danışanda elə danşırlar, sanasan, doktorluq dissertasiya müdafiə edən alimlərdir. Çünki onlar məşqlərini vaxtlı-vaxtında edirlər, boş vaxtlarında kafelərdə laqqırtı vurmurlar, gedib qəzet-kitab oxuyur, maraqlı verilişlərə baxır, ölkələrində, dünyada baş verənlərlə maraqlanır.
Gərək telejurnalistlər də anlayışlı olsunlar, məşqə gecikənlərdən və suala cavab verə bilməyənlərdən mini-müsahibə almasınlar. Heç manısları da Ziqmund Freyd yerinə qoymaq lazım deyil.
musavat.com