AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fana.az xəbər verir ki, komitə üzvləri I divizionun III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Ağsu" - "Şahdağ" matçının 59-cu dəqiqəsində qonaqların futbolçusu Qvanzar Məhəmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb, klub 400 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb, klubu 500 manat cərimə edilib. "Şahdağ" ın futbolçusu Sərxan Ağayev oyun başa çatdıqdan sonra dəyişiklik tablosunu ayaqla sındırdıb. Bu səbəbdən AFFA onu 3 oyunluq cəzalandırıb, klubu 200 manat cərimə edib.
"Lokomotiv"in futbolçusu Kənan Cəfərov "Neftçala" ilə oyunun 78-ci, "Qaradağ"ın oyunçusu Vüsal Səfərov "Kəpəz"lə matçın 85-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqəni alıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 20 manat cərimə edilib.
"Şahdağ" "Ağsu" ilə, "Karvan" "Turan-T" ilə matçda 4 futbolçusu sarı vərəqə aldığından AFFA-ya 100 manat ödəyəcək.