“Oyundan razı qaldım. Yüksək səviyyəli matç keçdi”. Fanat.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilmiş “Qəbələ” – “Qarabağ” matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın çalışdırıcısı oyunla bağlı fikirlərini bölüşüb: “Öz komandamın adına danışa bilərəm ki, futbolçularımın çıxışından razı qaldım. Uşaqların oyunundan həzz aldım. Meydanda olan bütün oyunçular özlərini yaxşı tərəfdən göstərdilər.Hamısı ilə fəxr edirəm. Mənim komandam ən yaxşı sözlərə layiqdi”.
- Bugünkü qələbədə azarkeşlərin rolu nə qədərdi?
- Təbii ki, rolu böyükdü. Onlara göstərdikləri dəstəyə görə minnətdaram. İstərdik ki, həmişə bu qədər azarkeş gəlib, bizi dəstəkləsin. Üstəlik, hakimlik də bugünkü kimi yüksək səviyyədə olsun. Bu cür oyunlar çempionatın səviyyəsini və prestijini artırır.
- Bu qələbə ilə liderliyi ələ keçirdiniz...
- Biz bu gün qalib gəldik. Amma mübarizə hələ qarşıdadı. Eyforiyaya qapılmırıq.
- Futbolçularınız hakimin hər qərarına aqressiv reaksiya verirdilər. Düşünmürsüz ki, bu cür yanaşma ilə oyunçularınız növbəti matçlara düzgün köklənə bilməyəcəklər?
- Birincisi, mən hansısa aqressiyanın şahidi olmadım. İkincisi, hər hansı danışıq olubsa, bu, aqressiyanın olduğu anlamına gəlməməlidi. Futbolçuların yanaşması peşəkarcasına idi. Bu mənada, nədənsə ehtiyatlanmıram. Ehtiyatlanmaq qorxmaq deməkdi. Futbolda heç nədən qorxmaq lazım deyil. Birinci hissədə futbolçularımda bir qədər gərginlik müşahidə olunsa da, fasilədən sonra psixoloji cəhətdən də yüksək səviyyədə çıxış etdilər.
- “Qəbələ” bu gün rəqibini əsas nədə üstələdi?
- Rəqiblə müqayisə aparmaq fikrim yoxdu. Sadəcə, komandamın bu gün əla, səliqəli oynadığını deyə bilərəm. Həm taktiki, həm də psixoloji mənada güclü idik.
- Bu gün hakimin yaxşı idarəçilik etdiyini dediniz. Gözləyirdizmi bunu, yoxsa son ana qədər içinizdə qorxu var idi?
- Niyə gözləməyim? Hakimin bugünkü idarəçiliyindən sonra hər kəs üçün xoşdu.
- Bu gün taktiki planda Qurban Qurbanova qalib gəldiz. Elə deyilmi?
- Müqayisə etməzdim. Bayaq da qeyd etdim ki, komandam həm taktiki, həm də psixoloji cəhətdən yüksək səviyyədə oynadı.
- Suraxanıdakı matçdan sonra burda qalmaq istəmədiyinizi demişdiz. Bəs bu nəticədən sonra hansı fikirdəsiz?
- Məndən soruşmuşdular ki, indi hansı hissləri keçirirsiz? Mən də emosional şəkildə cavab vermişdim ki, evə getmək istəyirəm. Bu, baş verənləri görmək istəməməyimlə bağlı idi. Amma mənim işim var, onu yerinə yetirmək borcumdu.
Fanat.Az