AFFA İntizam Komitəsinin 2013-cü ildə son iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Əsas müzakirə mövzusu AZAL - "Neftçi" oyunu olub. İntizam Komitəsi "Neftçi"nin 4 üzvünü cəzalandırıb.
Matçın 80-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan Mahir Şükürov 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. 3 dəqiqə sonra kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Elvin Yunuszadənin cəzası 2 oyun olub. Buna görə klub 2000 manat cərimələnib.
Həmin dəqiqədə "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Depaptamentinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb, 5000 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra klubun vitse-prezidenti Tahir Süleymanov da hakimləri təhqir edib və eyni cəzanı alıb - 5 oyun, 5000 manat.
Beləliklə, "Neftçi" AZAL-la oyuna görə 12200 manat cərimə edilib. "Təyyarəçilər" isə 7 futbolçu sarı vərəqə aldığından 1000 manat ziyana düşüb.
Fanat.az