2011-ci ilin may ayında 19 yaşadək futbolçular arasında Avropa Çempionatının seçmə oyunlarından biri Moskvada baş tuturdu. Ruslar İsrail yığmasını qəbul edirdi. Məşhur "Sport Express" qəzetinin arxivində bu oyun haqda məlumat var. Matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı.
Rus qəzeti oyun haqda şərhində "Spartak"ın formasını geyən Emin Mahmudovun Azərbaycan yığmasında mümkün çıxışı barədə də bir iki cümlə yazıb. Reportajın davamından oxuyuruq ki, elə Mahmudovun gözəl ötürməsindən sonra rusların inquş əslli yarımmüdafiəçisi Mahomed Ozdoev hesabı açır. İsraillilərin çavabı özünü çox gözlətmir. 10 dəqiqə sonra yenə də tablodakı hesabı milliyətçə şərəfini qoruduğu ölkə yığmasının mənsubiyyətini daşımayan futbolçu dəyişir. Əmir Ağeyev zərbə ednirir və qol - 1:1. Bu futboçu həmin gün meydanda olanlar arasında əslən azərbaycanlı olan ikinci nəfər idi...
Foqtsun rəhbərlik etdiyi yığma komanda ötən tsiklə İsrail matçı ilə başladı. Bundan əvvəl mediada AFFA-nın baş katibi Elxan Məmmədovun ardıcıl Rusiya səfərləri ilə bağlı yazılar gedirdi. Guya o, Rusiyada "özgələşmək" üzrə olan Aleksandr Səmədovla, Emin Mahmudovu Azərbaycan yığmasına qaytarmağa çalışırdı. Sonradan Səmədov bizimkilərə qarşı Rusiya forması ilə iki 90 dəqiqə mübarizə aparmaqla Məmmədovun nə dərəcədə "qabiliyyətli" diplomat olduğunu göstərdi. Mahmudov mövzusu isə elə isindiyi kimi də anidən dondu.
Elxan Məmmədov İsrail ilə yığmamızın ikinci oyunundan sonra bir dəfə də İsrailə səfər etdi. Mətbuat yazırdı ki, baş katib yəhudilərlə futbol sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün yola çıxıb. Gəl ki, bu səfərin də içindən Ağayev mövzusu çıxmadı. Azərbaycan yığması Təl-Əvivə getdi, səfər heç-heçəsi ilə qayıtdı. Bundan 1 gün sonra isə iki ölkənin U-21 yığmaları qarşılaşdı. Meydan sahibləri komandamıza qarşı çox aqressiv davrandılar - 7:2! Meydanda Əmir Ağayev də var idi. 72-ci dəqiqədə əvəzlənən yarımmüdafiəçi bu vaxta qədər artıq qapımıza vurulan 2 topun ötürməsini verməyə imkan tapmışdı...
Əmir Ağayev İsrailin əsas liqasında hazırda son sırada qərarlaşmış "Bney Yehuda"nın formasını geyir. "Transfermarket" portalında qiyməti 200000 avro olan 21 yaşlı yarımmüdafiəçi İsrailin U-18, U-19-da üst-üstə 19 oyuna çıxıb və 6 dəfə fərqlənə bilib. Artıq o, U-21 yığmasında da 5 matç keçirib, 1 qol vurub.
"Futbolustan" bir neçə irsailli futbol agenti vasitəsi ilə bu futbolçunun atasının azərbaycanlı olduğunu dəqiqləşdirib. Görünür, bütün bunlardan günümüzə qədər İsraillə futbol əlaqələri "yaratmaq"da olan AFFA-nın və onun ingilisdilli baş katibinin xəbəri yoxdu. Olsaydı, Azərbaycan yığması üçün çox ciddi dəyər kəsb edən növbəti futbolçu itirilməzdi. Hər halda, söhbət nə Cihan Özkara, nə Əli Gökdəmir, nə, Ufuk Budak, nə də ki, adını, soyadını yazmağa belə çətinlik çəkdiyimiz Pərdis Fərcad-Azaddan gedir.
Futbolustan.com