Topaz Premyer Liqasında komandalar 36 turluq marafonda ekvator xəttinə çatdılar. 18 turdan sonra çempionatda qış fasiləsi başlayıb. Çempionatın tən yarısı geridə qaldığından cari mövsümlə bağlı bəzi proqnozlar vermək, komandaların çıxışı haqda fikir yürütmək mümkündü.
Çempionatın yeni formatda - 10 komandalı sistemlə keçirilməsi Premyer Liqada rəqabətin artacağını düşünməyə əsas verirdi. Ancaq gözləntilər özünü doğrultmadı. Cəmisi 18 turdan sonra 10 komanda 3 qrupa bölünüb. Liderlər, ortabablar və autsayderlər.
Təəssüf doğuran məqam ondan ibarətdi ki, liderlər qrupunda cox az-cəmisi 3 komanda qərarlaşıb. Təbii, bu amil çempionatdakı gərginliyə nəzərəçarpacaq dərəcədə təsir edir.
Artıq indidən əminliklə iddia irəli sürə bilərik: Azərbaycan çempionatının medalçıları məlumdu.
Liderlər qrupunda olan komandalar - “Qarabağ”, “Qəbələ”, “Neftçi” ortabablardan o qədər aralanıblar ki, fasilədən sonra əlahiddə nəyinsə baş verəcəyi inandırıcı deyil.
Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmış “Neftçi”ni 4-cü pillədəki “İnter”dən 7 xal ayırırsa, fasilədən sonra liderlərin sırasında artım olmayacağını ən nikbin azarkeş də proqnozlaşdırmır.
Fevraldan başlayaraq azarkeşlər 3 komandanın mübarizəsinə şahidlik edəcəklər. İndi qalır, kimin hansı əyarlı medalı qazanacağı məsələsi. Liderlər arasındakı xal fərqi indidən hansısa nəticəyə gəlmək üçün bizə ipucu vermir. Hər şey fasilə dönəmində komandaların hazırlığından və heyətdəki dəyişikliklərdən asılı olacaq. Qışdan sağ çıxan komanda yazda qızıl dişləyəcək. Ancaq 18 turun nəticələrinə əsasən fikir yürütməli olsaq, “Qarabağ”ın şanslı olduğu görünür. “Köhlən atlar”ın oyun keyfiyyəti çox yüksəkdi. Qurban Qurbanovun yetirmələri əsas rəqibləri ilə qarşılaşmalarda məğlub olmayıblar. “Neftçi” və “Qəbələ” ilə keşrilən 4 qarşılaşmanın 3-də qalib gəlib, birində heç-heçə etmək “Qarabağ”ın gücünün göstəricisidi. Amma “köhlən atlar”ın zəif bəndi də var. “Qarabağ” ortabab və autsayder komandalarla qarşılaşmalarda yersiz xallar itirir. Təkcə bir faktı qeyd edək: Ağdam klubu çempionatın aşkar autsayderlərindən olan “Rəvan”la keçirdiyi 2 oyunun heç birində qalib gələ bilməyib.
Onu da qeyd edək ki, “köhlən atlar”ın zəiflərlə oyunlara koklənə bilməməsi köhnənin dərdidi. “Qarabağ” əvvəlki illərdə də ortabab və zəif komandalarla qarşılaşmalarda xal itirməyin əzabını çəkib. Məhz bu amil sonda “Qarabağ”ı qızıldan edə bilər. Bundan isə “Neftçi” yararlanmağa qadirdi. Niyə “Neftçi”, “Qəbələ” yox? Bu iddianı da 18 turun göstəricilərinə əsasən irəli sürürük. “Qəbələ” “Neftçi” və “Qarabağ”la keçirdiyi 4 qarşılaşmanın hamısında məğlub olub.
Yuri Syominin yetirmələri bu mövsüm nə qədər uğurlu çıxış etsələr də, əsas rəqiblərlə oyunlar göstərdi ki, hələ böyümək lazımdı. Bu fikiri “Neftçi” ilə Bakıda keçirilən qarşılaşmadan sonra “Qəbələ”nin baş məşqçisi Syomin də vurğuladı. Qış fasiləsi böyümək-heyəti gücləndirmək baxımından əla fürsətdi. Güman ki, “Qəbələ” ilə yanaşı “Neftçi” və “Qarabağ” da bu fürsətdən maksimum yararlanmağa çalışacaqlar. Fürsəti fövt edən özündən küssün. Məhz bü “üçlük” Avrokuboklara 4 vəsiqədən 3-ünü artıq özəlləşdirib.
Ortabablar borc verib, borc alacaqlar?
Hə, indi gəldik ortabablar qrupuna. Bu qrupda olan 5 komanda fasilədən sonra nəyin uğurunda mübarizə aparacaqlar? Deyək də... Avropaya getmək üçün yerdə qalan bir vəsiqə üşün. Amma güman etmirik ki, onlar buna görə 4-cü yer uğurunda “qan” tökəcəklər. Yox! 4-cü pilləni tutub Avrokuboklara vəsiqə əldə etməmək də olar. Avropaya sonuncu vəsiqənin sahibi Azərbaycan kubokunun finalından sonra da müəyyənləşə bilər. Son vəsiqəni əldə etmək üçün ən qısa yol kubok oyunlarından keçir. Ortabablar qrupunda qərarlaşan komandalar-“İnter”, “Bakı”, “Xəzər Lənkəran”, AZAL və “Simurq” fasilədən sonra kubok oyunlarına daha ciddi yanaşacaqlar, nəinki çempionat qarşılaşmalarına. Amma bu komandaların da arasında ələnmə olacağı şəksizdi. Güman edirik ki, AZAL-ın, “Simurq”un sona qədər vuruşmaq üçün qüvvəsi yetməyəcək.
Daha bir maraqlı məqamı qeyd edək, fasilədən sonra komandaların qruplaşmasının, qardaşlaşmasının da şahidi ola bilərik. İddiasını itirənlər növbəti mövsüm geri qaytarmaq şərtilə hansısa komandaya borc verə bilərlər. Nəyi? Təbii ki, pulu yox, xalı... Təəssüf ki, bu, Azərbaycan futbolunun reallığıdı.
Autsayderlərin işi AFFA-ya qalıb
Gəlib çıxdıq autsayderlərin yanına. Sayları azdı, cəmisi 2 komanda-“Rəvan” və “Sumqayıt” var bu qrupda. Əslində bu komandaların çempionatın aşkar autsayderləri olacağı hələ mövsümün əvvəlində proqnozlaşdırılırdı. Fasilədən sonra da nəyinsə dəyişəcəyini güman etmirik. Ola bilsin ki, komandalar heyəti gücləndirmək baxımından müəyyən addımlar atacaqlar. Amma vaxtsız güclənmə onlara turnir cədvəlinin zirzəmisindən çıxmağa komək etməyəcək. Autsayderlər yalnız öz aralarında yarışacaqlar. Premyer Liqanı tərk edəcək yeganə komandanı müəyyənləşdirmək üçün. Ancaq ola bilsin ki, heç buna da ehtiyac olmasın. Bilirik, yenə “niyə” sualını verəcəksiz. Biz də niyəsini deyək. Ola bilsin mövsümün gedişində AFFA qərar versin ki, elitanı heç bir komanda tərk etməyəcək. Ola bilməz? Artıq 3 ildi olur ey... Bu mövsüm niyə olmasın? Bizim futbol təsərrüfatında hər şey olar. Futbol camiəsində zarafatla deyirlər ki, “burda olmayacaq şeyə qurd düşər”. Hələ fasilədi. Fevraldan başlayaraq futbola baxın. Elə Azərbaycan futboluna da. Baxın, qurdunuzu öldürün...
Publika.az