Çempionlar Liqasında Azərbaycana təmsil edəcək “Neftçi” Avstriyaya yollanıb. Apasport.az saytının məlumatına görə, ötən gecə səfərə çıxan komanda növbəti mövsümə hazırlığa başlayır. Yerli futbolçularla səfərə çıxan baş məşqçi Böyükağa Hacıyev legionerləri Avstriyada sərəncamında görəcək.
Bakılılar Avstriyada 6 yoxlama oyunu keçirməyi planlaşdırıb. Rəqiblərdən Rusiyanın “Volqa” və Rumıniyanın “Vaslui” artıq müəyyənləşib. Həmin yoxlama oyunlarının iyunun 29-da və iyulun 10-da olacağı gözlənilir.
“Neftçi”nin də qitə miqyaslı turnirdəki digər təmsilçilərimiz kimi hazırlıq planları iyunun 24-də keçiriləcək püşkatmadan asılı olacaq. Belə ki, çempionumuz iyulun 16-17-də ilk matçını səfərdə keçirərsə, Avstriyadan birbaşa həmin ölkəyə, evdə oynayarsa, daha tez vətənə dönəcək. İstənilən halda, “Neftçi”nin Avropa Liqasında təmsilçilərimiz olan “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”la müqayisədə vaxtı çox olduğundan, təlim-məşq toplanışı uzun, ən azı 3 həftəlik çəkəcək.
Qeyd edək ki, Avropa Liqasında oynayacaq klublarımız artıq xaricdə məskunlaşıb. Onlardan “İnter” də Avstriyadadırsa, “Qarabağ”la “Xəzər Lənkəran” isə müvafiq olaraq Türkiyə və Almaniyada toplanışdadır.
İdman24.az