"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komanda Vurğun Hüseynov, Vüqar Əsgərov və Anar Nəzirovun ardından "Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimovu heyətinə qatıb. 32 yaşlı futbolçu komanda ilə birillik müqavilə imzalayıb.
"Sumqayıt şəhərində anadan olsam da, ilk dəfədir ki doğma şəhərimin komandasında çıxış edəcəm. Buna görə çox sevinərəm. İnşallah uğurlu çıxışımla "Sumqayıt" FK-na xeyirli olaram", - deyə Zaur Həşimov klubun rəsmi saytına açıqlama verib.
Karyerası ərzində "Şəfa", "Xəzər Universiteti", "İnter" və "Xəzər Lənkəran"ın şərəfini qorumuş Zaur "Qarabağ"ın heyətində Premyer Liqada ümumilikdə 86 oyunda 2 qol vurub. O, həmçinin 19 dəfə Azərbaycan A millisinin formasını geyinib.
İdman24.az