Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının finalına vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, cütlüyümüz temp hərəkətində təsnifat mərhələsində hakimlərdən 29,090 xal alıb və ikinci olub. Bu nəticə ilə təmsilçilərimiz martın 12-də baş tutacaq həlledici mərhələyə yüksəliblər.
Sabir Ağayev və Mehriban Salamovadan ibarət digər cütlüyümüz 26,340 xalla doqquzuncu olub və finala adlaya bilməyib.
Final mərhələsində Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Belçika, İsrail, İspaniya və Portuqaliya cütlükləri birincilik uğrunda yarışacaqlar.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.