Gənc rusiyalı pilot Artyom Severyuxin Portuqaliya Kartinq Qran Prisində etdiyi nasist jestinə görə göz yaşları içində üzr istəyib.
Fanat.Az xəbər verir ki, "Sport.ua" 15 yaşlı sürücünun dediklərini belə çatdırıb:
“Dünən Avropa Kartinq Çempionatında baş verənlərə görə hamıdan üzr istəmək istəyirəm. Fəxri kürsüdə olan zaman çoxlarının nasist salamı kimi qəbul etdiyi bir jest göstərdim. Amma elə deyil. Mən heç vaxt nasizmi dəstəkləməmişəm və onu insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri hesab edirəm.
İtaliya lisenziyası ilə yarışırdım və keçirilən turnirdə İtaliya bayrağı altında qalib gəldim. Tribunanın önündə olan uşaqlar mənə göstərdilər ki, İtaliyada belə hallarda minnətdarlıq bildirmək adətdir. Sadəcə, bu jesti etmək istədim. Qalan hər şeyi izah edə bilmirəm.
Mən günahkar, axmaq olduğumu bilirəm və cəzalandırılmağa hazıram. Xahiş edirəm anlayın ki, mən bu jestlə nasizmi və faşizmi dəstəkləməmişəm. Nə tamaşaçıları, nə pilotları, nə azarkeşləri, nə komandanı, nə də efirin tamaşaçılarını incitmək istəyim var idi. Bağışlayın, xahiş edirəm".
Xatırladaq ki, 15 yaşlı Severyuxin yeniyetmələr arasında kartinq turnirində qalib gəldikdən sonra nasist salamına bənzər bir jest göstərib. Gənc pilotun anası isə mediaya onun bu şəkildə komandaya ürək göndərdiyini deyib.
Daha sonra Severyuxinin çıxış etdiyi "Ward Racing" komandası onunla əməkdaşlığı dayandırıb. Pilotun qazandığı uğur da əlindən alınıb.
Emin