Sabah dünya futbolunun ən böyük matçlarından biri - "Real" - "Barselona" qarşılaşması baş tutacaq. Fanat.az xəbər verir ki, La Liqanın XXIX turu çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.
Hər yerdə "Real"
Bu "Real" və "Barselona" arasında 226-cı rəsmi qarşılaşma olacaq. "El Klasiko" adlanan bu matçların əsası 1916-cı ildə qoyulub. Tərəflər arasında ilk görüş "Kral Kuboku"na təsadüf edib. İndiyədək baş tutmuş 225 rəsmt matç La Liqa, "Kral Kuboku", İspaniya Kuboku, Superkuboku və Avropa kubokları çərçivəsində keçirilib.
"Real" əzəli rəqibini indiyədək 90 dəfə məğlub edə bilib. "Barselona" Madrid təmsilçisi üzərində 87 qələbə qazana bilib. Daha 48 qarşılaşmada isə qalib müəyyənləşməyib. "Real"ın 379 qoluna "Barselona" 363 dəfə cavab verə bilib.
"Real" 70, "Barsa" 65
La Liqadakı matçlarda da "Real"ın üstünlüyü var - 70 qələbə. "Barselona" 65 qələbəyə sevinib, 32 görüşdə tərəflər meydandan bir xalla ayrılıb. Bu matçlarda "Kral Klubu"nun 271 qoluna kataloniyalılar 261 dəfə cavab verə bilib.
"Real" "Barselona"ya qarşı evdə keçirdiyi 83 oyundan 51-də qələbə qazanıb, 15 matç sülhlə bitib, 17 görüşdə qonaqlar 17 sevinən tərəf olub.
"Santyaqo Bernabeu"da "Barselona"
Amma "Santyaqo Bernabeu"da keçirilən son 10 matçda "Barsa"nın üstünlüyü nəzərə çarpır. 5 matçda qələbə qazanan kataloniyalılar 3 dəfə heç-heçəyə razılaşıb və sadəcə 2 oyunda uduzub.
"Barselona" həmçinin son 10 La Liqa matçının 6-da meydanı 3 xalla tərk edib. "Real" 2 qələbə qazanıb, 2 oyunda tərəflər hərəyə bir xala sevinib.
"Real" La Liqada "Barselona" üzərində ən böyükhesablı qələbəsini 1935-ci ildə qazanıb - 8:2. "Barselona" isə əzəli rəqibini 1974-cü ildə 5:0 hesabı ilə yenib.
İki komanda son olaraq ötən ilin 26 oktyabrında "Nou Kamp" stadionunda qarşılaşıb. Həmin oyunda "Barselona" 2:1 hesablı qələbəyə sevinib. Kataloniya klubunun heyətində Neymar və Aleksis Sançes, "Real"da isə Jese Rodriges fərqlənib.
"Real" və "Barselona" arasında "Santiaqo Bernabeu"dakı son 10 oyun
1. Real - Barselona 2:6 (2008/09, La Liqa)
2. Real - Barselona 0:2 (2009/10, La Liqa)
3. Real - Barselona 1:1 (2010/11, La Liqa)
4. Real - Barselona 0:2 (2010/11, Çempionlar Liqası)
5. Real - Barselona 2:2 (2011/12, Super Kubok)
6. Real - Barselona 1:3 (2011/12, La Liqa)
7. Real - Barselona 1:2 (2011/12, Kral Kuboku)
8. Real - Barselona 2:1 (2012/13, Super Kubok)
9. Real - Barselona 1:1 (2012/13, Kral Kuboku)
10. Real - Barselona 2:1 (2012/13, La Liqa)
"Real" öndə, "Barsa" 3-də
Hazırda La Liqanın turnir cədvəlinə "Real" başçılıq edir. "Kral Klubu" 28 matçdan sonra 70 xalla birinci pilləni tutur. Madrid təmsilçisi 22 qələbə qazanıb, 4 heç-heçə edib və 2 oyunda məğlub olub. Rəqib qapıçıları 77 dəfə məyus edən "Real"ın oyunçuları 26 qola üzülüb.
"Barselona" isə uzun müddət əlində saxladığı liderliyi "Real"a təhvil verəndən sonra 66 xalla üçüncü pillədə qərarlaşıb. 28 matçdan 21-də qalib gələn kataloniyalılar 3 heç-heçə edib və 4 dəfə məğlub olub. "Barselona" futbolçuları 81 dəfə rəqib qapılarına yol tapıb, 22 dəfə topu tordan çıxarıb.
Ronaldo-Messi zirvəsi
"El Klasiko" "Real" - "Barselona" qarşılaşması ilə yanaşı, Kriştiano Ronaldo - Lionel Messi qarşıdurması ilə də maraq doğurur. İki superstarın böyük matçdakı performansı indidən müzakirələrə səbəb olub.
Hər zaman üstün oyun sərgiləyən ulduzların rəqabətində Messinin üstünlüyü var. Argentinalı ulduz La Liqada keçirilən "El Klasiko"larda indiyədək 11 qola imza atıb. Ronaldo isə indiyədək "Barselona"nı cəmi 4 dəfə məyus edə bilib. Tərəflər arasındakı bütün rəsmi qarşılaşmalara gəlincə, Messinin 18 qoluna Ronaldo 12 dəfə cavab verə bilib.
Messi qol vursa...
Qırdığı rekordlarla adından söz etdirən Messi "El Klasiko"ların bombardiri ola bilər. Belə ki, argentinalı qol vuracağı halda bu oyunlarda ən çox qol vurmuş oyunçu olacaq. O, bu ünvanı həmyerlisi, "Real"ın sabiq oyunçusu Alfredo Di Stefanodan təhvil alacaq.
Hər zaman dünya ulduzlarının iştirakı ilk keçirilən "Kl Klasiko"larda het-trik etmiş yeganə futbolçu da Messidi. O, 2007-ci ilin 10 aprelində "Nou Kamp"da 3:3 hesabı ilə başa çatan oyunda "Real"ın qapısına 3 dəfə yol tapıb.
Son "El Klasiko"ların ulduzu Ronaldo
Ronaldo isə son dövrlər oynanılan "El Klasiko"larda performansı ilə özündən söz etdirir. O, iki komanda arasında 2011/12 mövsümündəki "Kral Kuboku" maçtı ilə başlayan son 6 qarşılaşmanın hamısında qol vuraraq 7 dəfə fərqlənib. Bununla da portuqaliyalı ulduz "El Klasiko"larda ardıcıl qol vurmaq rekordunu əldə edib.
2013/14 mövsümünün kralı Ronaldo
FIFA-nın "Qızıl top" mükafatının hazırkı sahibi cari mövsümdə sərgilədiyi oyunla diqqəti çəkir. Portuqaliyalı La Liqada meydana çıxdığı 24 matçda 25 qola imza ataraq bombardirlər yarışına başçılıq edir. Messi isə cari mövsümdə cəmi 18 qola imza atıb.
İki futbolçunun cari mövsümdə keçirdiyi bütün oyunları nəzərə aldıqda da Ronaldonun üstünlüyü var. Portuqaliyalı 41 rəsmi oyunda 48 qola imza atıb və 15 məhsuldar ötürmə edib. Messi isə 34 qarşılaşmada 31 qola imza atıb və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Ronaldo Çempionlar Liqasında keçirdiyi 7 oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Portuqaliyalı turnirin bombardirlər yarışına başçılıq edir. Messi isə 5 qarşılaşmada 8 dəfə fərqlənə bilib və bombardirlər cədvəlində Zlatan İbrahimoviçdən (10 qol) sonra üçüncü pilləni tutur.
Messi isə "Kral Kuboku"nda bombardirlər cədvələnə başçılıq edir - 5 qol. Messi bu yarışda hələlik 3 qola imza atıb.
Fanat.az