Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv ilk olaraq beş halqa ilə çıxışını təqdim edib və bu hərəkətdə hakimlərdən 30.000 bal alıb.
Komandanın üç lent və iki top ilə kompoziyası isə 29.250 bala layiq görülüb.
Beləliklə, toplam 59.250 bal alan yığma çoxnövçülükdə 9-cu olub. Yığma həmçinin üç lent və iki top ilə hərəkətdə sentyabrın 18-də baş tutacaq final mərhələsinə vəsiqə qazanıb.
Çoxnövçülükdə ilk üç yeri tutan komandalar Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər. Bunlar Bolqarıstan, İsrail və İspaniya kollektivləri olub.
Qeyd edək ki, daha əvvəl fərdi çıxışlarda Zöhrə Ağamirova lentlə finalda beşinci, halqa ilə isə altıncı yeri tutub. O, həmçinin çoxnövçülükdə də finala yüksəlib.