(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)
Bir neçə il öncəyə qədər idman zallarına məşq üçün sadəcə idmançılar gedirdisə, bu gün artıq bir çox insan zamanını burada keçirir.
Xüsusilə də sosial şəbəkələrdə sürətlə məşhurlaşan fitness, pilates, bodibildinq ilə məşğul olanların sayı gündən-günə daha da artır.
Bu isə sevindirici haldır. Düzdür, çoxları fit bədən quruluşuna sahib olmaq üçün etsə də, istənilən halda, idmanla məşğul olurlar və idmanla məşğul olmaq insan orqanizmi üçün faydalıdır. Sağlam bədəndə sağlam ruh olar. Sağlamlığı qorumağın ən səmərəli üsulu isə müəyyən idman növləri ilə məşğul olmaq, bədəni hərəkətsizlik halından çıxarmaqdır. Xüsusilə də insanların çox faizinin oturaq iş rejimində çalışdığını və bunun orqanizmə fəsadlarını nəzərə alsaq, idmana zaman ayırmaq mütləqdir.
Fanat.Az-a danışan məşqçilər məhz fitness-pilates kimi idman növlərinin insan orqanizminə faydalarından bəhs etdilər:
Şahnaz Abdulzadə (pilates üzrə məşqçi): "Bu, əslində çox yaxşı bir haldır. Məqsədlərindən asılı olmayaraq, idmanla məşğul olurlar. Fərqində olmasalar da, özlərinə edəcəkləri ən böyük hədiyyədir. İdmanın faydalarını saymaqla bitirmək olmaz. Həm fiziki, həm zehni təsirləri olduqca böyükdür. Davamlı şəkildə idmanla məşğul olduqda daha sağlam bədənə sahib olursan. Eləcə də psixoloji olaraq da daha sağlam düşüncə qazanırsan. İdmanla məşğul olmaq insanda öz gücünə inamı artırır. Eyni zamanda ürəyin fəaliyyətini daha da yaxşılaşdırır. Qan təzyiqinin və insulin dirəncini də azalmasına kömək edir".
Anar Cəfərov (fitness üzrə məşqçi): "İdmanla məşğul olmağın insan üçün faydalarını saymaqla bitməz. Ürəyin qüvvətlənməsi, qan dövranının tənzimlənməsi, əzələlərin bərpa olunması və s. kimi bir çox faydaları saymaq olar. Ancaq həddindən artıq məşq etməyin də orqanizmə zərəri ola bilər. Ona görə də hər kəsə fərdi məşq proqramı verilməlidir. Həmçinin bərpa üçün istirahət də olmalıdır".
Günel Rəhimli (pilates üzrə məşqçi): "İdmanla məşğul olmaq insan orqanizmini stressdən azad edir, adaptasiyanı yüksəldir. İdman edən insan vücuduna zaman ayırdığı üçün özünü daha dəyərli hiss edir".
Əbülfəz Abuzərli (bodybuilding və powerlifting üzrə respublika birincisi və rekordçusu, məşqçi): "Son zamanlar insanların idman zallarına üz tutmasi çox gözəl haldir. Əsas odur ki, pis vərdişlərdən uzaq olsunlar. Hər kəsə məlumdur ki, hazırda narkomaniya kimi bir bəla gənclərimizi əhatəyə alıb. Ona görə də onların idman zallarına üz tutmasının yaxşı hal olduğunu hesab edirəm. Çünki idmanın insan orqanizminə faydaları çoxdur. İmmunitetin güclənməsinə, qan dövranının daha yaxşı işləməsinə, maddələr mübadiləsinin normala düşməsinə, kişilərdə testosteron hormonunun yüksəlməsinə, bədəndə piylərin tez bir zamanda əriməsinə kömək edir. Ancaq onu da qeyd etməliyəm ki, düzgün qidalanma da önəmlidir.
- Həddindən artıq çalışmağın, trenajor alətləri ilə məşq etməyin insan orqanizminə zərəri varmı?
Şahnaz Abdulzadə: "İdmanın faydalarını az-çox hərkəs bilir. Amma zərərlərindən çox adam xəbərsizdir. Ara vermədən edilən idman zərərlidir. Hərəkət zamanı hiss edilməsə də, müəyyən xəsarətlər yaranır. Mütləq peşəkar şəkildə proqram tərtib edilməlidir. Bir gün məşq edilməli, bir gün ara verilməlidir. Əzələnin inkişaf müddəti 72 saatdır".
Əbülfəz Abuzərli: "Həddindən artıq məşq etmək dedikdə hər halda, ağırlıqları nəzərdə tutursunuz. Apardığım müşahidələr zamanı görürəm ki, daha ağır çəkilərlə hərəkəti doğru qaydada icra etmirlər. Təbii ki, bu hal artıq insan sağlamlığına zərər verə bilər. Daha çox kardio məşqlərə üstünlük vermək lazımdır. Onu da qeyd edim ki, hətta hamilə qadınlara da idman etməyi tövsiyyə edirəm".
Günel Rəhimli: "Həddindən artıq idmanla məşğul olmaq əzələ yorğunluğu yaradır. Gün ərzində maksimum 90 dəqiqə idman məsləhət görülür. Doğru hərəkət bədən gücünə uyğun olan hərəkəti etməkdir. Bədəni gücü çatmadığı qədər ağır hərəkətlərlə yükləsələr, fiziki zədə almaq riski yüksələr.
Bu arada, Şahnaz xanım fitness ilə pilatesin fərqini də qeyd etdi: "Pilates XX əsrin əvvəllərində kəşf edilmiş və yaradıcısı Jozef Pilatesdən bəşəriyyətimizə və bizlərə bir hədiyyədir. Əzələləri gücləndirməyə, daha elastik bədənə sahib olmağa kömək edir və zehni inkişafa müsbət təsir göstərir.
Pilates bel və onurğa ilə bağlı problemlərin həlli üçündür. Pilates sağlam onurğa quruluşunun və dərin əzələ sisteminin aktivləşməsində rol oynayır. Davamlı olaraq edildiyində gözlə görüləcək qədər fərq yaradır. Bu da öz növbəsində qabarıq əzələlər yerinə daha zərif və fit görünüş vəd edir. Son olaraq özümün də gördüyüm budur ki, onurğan nə qədər sağlamdırsa, sən də o qədər sağlamsan".
Günel xanım isə belə danışdı: "Pilateslə fitnesin fərqi odur ki, pilatesdə dəqiq nəfəs hərəkətləridir. Pilatesdə daha dəqiq və müalicəvi hərəklərlə daha tez effekt almaq olur. Fitness ilə yaranan bədən quruluşu ilə pilateslə yaranan bədən quruluşundan fərqlənir".
- Məşq zamanı elə hərəkətlər var ki, qadınların orqanizminə zərərlidir və etməyi məsləhət görmürsünüz?
Şahnaz Abdulzadə: "Xeyr, öz sahəmi nəzərdə tutaraq deyim ki, pilatesdə heç bir hərəkətin zərəri yoxdur".
Anar Cəfərov: "Ümumiyyətlə 18 yaşa qədər məşq etməyi məsləhət görmürəm. Çünki bir çox hərəkətlər var ki, xanımlarda əks təsir göstərə bilər. 18 yaşdan yuxarı xanımlara isə məşqi nəzarət altında keçmək lazımdır. Onlara ağır çəkilərlə işləməməyi məsləhət görərdim".
- Protein tozları ilə kişilərin bədənində süni əzələ yaratması və bunun zərərli olması ilə bağlı söhbətlər var. Bu həqiqətən belədirmi?
Anar Cəfərov: "Cəmiyyətdə yayılan protein tozlarının süni əzələ yaratması fikri tamamılə yalnışdır. Heç bir zərəri yoxdur. Protein tozları istifadə etmək istəməyən insanlar yeməkdə yetəri qədər protein qəbul edə bilərlər. Əzələnin böyüməsi üçün protein tozundan istifadə edilməsi mütləq deyil".
Əbülfəz Abuzərov: "Protein tozları sadəcə qida əlavəsidir. Normadan artıq istifadə olunmasa, zərərli deyil. Mən bunu süni əzələ adlandırmazdım. Düzgün qidalanmadığın halda, protein tozları köməyə çatmır. Yenə də qeyd edirəm ki, protein tozları sadəcə qida əlavəsidir. Necə ki, ana südü olmayanda uşağa hip və ya humana tipli uşaq yeməkləri verirlər, protein də elə bir şeydir".
Şahnaz Abdulzadə: "Ağır məşqlərdən sonra bədənin proteinə ehtiyacı olur. Buna uyğun olaraq idmandan əvvəl və sonra xüsusi qidalanma sistemi tətbiq edilməlidir. Günlük protein normanızı qəbul etmirsinizsə, protein tozunda istifadə edirsiniz. Protein tozu əzələ kütləsinin itirilməsində və eyni zamanda məşqdən sonra əzələ inkişafı üçün istifadə edilir. Protein tozu lazım olan qədər istifadə olunmalıdır".
Günel Rəhimli: "Mən təbii qidalanmanı daha çox dəstəkləyirəm".
Məşqçilərimizin fikirlərini öyrəndik. Bəs insan orqanizminə daha yaxşı bələd olan həkimlərimiz necə düşünür. Eyni sualları Azərbaycanın tanınmış idman həkimlərindən olan Rəhim Məhərrəmova ünvanladıq.
"İnsanların idman zallarına getməsi, bədən quruluşuna fikir verməsi sevindirici haldır. Ancaq zala gedən insanların idmanla kortəbii məşğul olması və ya qeyri-peşəkar məşqçilərin nəzarəti altında olması böyük fəlakətlərə gətirib çıxarır. Tez bir zamanda bədən quruluşu formalaşdırmaq adıyla məşqçilərin və ya zalda çalışanların təklif etdiyi kimyəvi tərkibli içkilər və yeməklər böyük fəsadlar yaradır. Zala getmək, idmanla məşğul olmaq, bədən quruluşuna fikir vermək olar, amma əlavə lazımsız içkilərdən, qidalardan istifadə etmədən.
Düzdür, elə içkilər var ki, bədəndən çıxan vitaminlərin, mineralların bərpa olunmasına kömək edir. Amma əzələlərin qurudulması, hormonal həblərdən istifadə edilməsi çox böyük fəlakətlərlə sonlanır. Bu isə zalda işləyən məşqçilərin savadsızlığından, qeyri-peşəkarlığından irəli gələn şeylərdir.
İdmanla məşğul olmağın isə faydası çoxdur. Bədənin düzgün tərbiyəsi ilə məşğul olmaq çox gözəldir. Amma bədəni tərbiyə etmək adıyla bədənə ziyan vurmaq olmaz. İnsana lazımdır ki, bədəndə maddələr mübadiləsi düzgün işləsin. Bunun üçün isə lazım olan insanın boyu və çəkisi nəzərə alınaraq ona uyğun tərtib olunan məşq proqramıdır. Çünki insanın öz gücündən artıq yükləməsi oynaqların, əzələlərin dağılmasına səbəb olur. Həddindən artıq idman etmək ürək və əzələ sisteminə ziyandır. İnsanlar heç bir tibbi müayinədən keçmədən, ürəyinin necə işlədiyindən, qanındakı maddələrin tərkibindən xəbəri olmadan kortəbii şəkildə idmanla məşğul olurlar. Bu isə həddindən artıq zərərlidir. Bir insanın öz gücündən artıq bir yükü qaldırması böyük fəsadlar yarada bilər.
Kişi və ya qadın fərq etmir, öz orqanizmindən, öz gücündən artıq yük qəbul etmək bədəndə nəyinsə sıradan çıxmasına səbəb olacaq. Yenə deyirəm, bədənin tərbiyəsi ilə məşğul olmaq daha düzgündür. Yəni yüngül idmanla məşğul olmaq məsləhətlidir. Qadınlarda çəki atma ilə bağlı böyük problemlər var. Onlara müxtəlif çaylar, içkilər, həblər təklif olunur. Bunların 95 faizi ziyandır. Çay ola bilsin ki, orqanizmdəki hansısa maddələri çıxartsın, amma digər məhsullar zərərlidir.
Mən adi idman hərəkətlərini məsləhət görürəm. Gündə və ya ikigündənbir velosiped sürmək, idman hərəkətləri etmək, hovuza getmək daha xeyirlidir, nəinki artıq çəkilərin altına girmək. Onurğa sütunundan tutmuş oynaqlara qədər hər şey yük altında sıradan çıxır. Artıq yükün altına girməyi məsləhət görmürəm.
Protein tozlarına gəlincə, təmiz proteinlər var. Lisenziya almış firmalar var. Protein zülaldır. Əgər orqanizmdə zülala tələbat varsa, ondan istifadə edə bilərlər. Amma 17-18 yaşdan sonra. Ondan aşağı yaşlı uşaqlara, yeniyetmələrə vermək olmaz.
Ancaq nə vaxt ki əzələni şişirtmək üçün iynələrə keçirlər, onda problem başlayır. Və o iynələri insanlara zalda çalışan məşqçilər təklif edirlər. İnsanlar da düşünür ki, məşqçi bunu bilir ki, deyir və inanırlar. Bunun isə başında madiyyat dayanır. Pula görə insanların sağlamlığı ilə oynayırlar.
Yenə deyirəm, insanlar öz orqanizmlərinə özləri nəzarət etməlidir. Trenajora getməzdən öncə isə həkim yoxlanışından keçmək lazımdır. Ürəyində, digər orqanlarında, qanında nə olduğunu bilmədən idmana getmək böyük səhvdir. Qanda dəmirin, kalsiumun, vitamin D3-ün və digər vitaminlərin dəyərini bildikdən sonra fərdi proqramla çalışmaq olar".
Röya Kərimli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.