Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verələcək. Fanat.az xəbər verir ki, bu gecə baş tutacaq "Mançester Yunayted" - "Bavariya" və "Barselona" - "Atletiko" matçına tamaşa edəcək futbolsevərlər sabah axşam "Real" - "Borussiya" (Dortmund) və PSJ - "Çelsi" qarşılaşmalarını izləyəcək.
"Real" - "Borussiya" oyunu barədə başqa yazıda
məlumat vermişik. Bu yazıda isə PSJ - "Çelsi" cütü barədə məlumatları diqqətinizə çatdıracağıq. Parisdəki "Parc des Princes" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23.45-də başlayacaq. Matçı serb FIFA referisi Milorad Majiç idarə edəcək. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç yardımçı olacaq.
PSJ: 19 il sonra yarımfinal arzusunda
Liqa 1-də ardıcıl ikinci çempionluğa doğru irəliləyən PSJ Çempionlar Liqasında daha öncə yaşadığı yarımfinal həyacanını yenidən yaşamaq istəyir. Zlatan İbrahimoviçli komanda son illərin ən uğurlu performansını sərgiləyir. 1/8 finalda "Bayer"i 4:0 və 2:1 hesablı qələbələrlə mübarizədən kənarlaşdıran Fransa klubunun növbəti hədəfi Joze Mourinyonun başçılıq etdiyi "Çelsi"di.
PSJ bundan əvvəl 1994/95 mövsümündə yarımfinala çıxmış və iki oyunun nəticəsinə görə "Milan"a 0:3 hesabı ilə yenilərək finala adını yazdıra bilməmişdi. Fransız klubu evində oynadığı son 28 avrokubok mtçında məğlubiyyət üzü görməyib. PSJ "Parc des Princes"də sonuncu dəfə 2006-cı ildə UEFA Kubokunun matçında "Hapoel"ə (Təl-Əviv) 2:4 hesabı ilə yenilib.
Hamının ümidi İbrahimoviç...
PSJ-nin "Çelsi" ilə matçda əsas silahı təbii ki, Zlatan İbrahimoviç olacaq. İsveçli forvard cari mövsüm keçirdiyi 36 matçda 41 qola imza atıb. Çempionlar Liqasının 7 oyununda isə o, rəqib qapıçıları 10 dəfə məyus edə bilib. PSJ-nin digər qollarına isə Edinson Kavani (4), Markuinyos (3), Tyaqo Motta (2), Ezekuel Lavezzi, Yohan Kabaye və Blayse Matuidi (1) imza atıb.
"Çelsi": 7-ci final uğrunda
İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi aparan "Çelsi" Çempionlar Liqasında 7-ci dəfə final oynamağı arzulayır. 1/8 finalda "Qalatasaray"ı 1:1 və 2:0 hesablı nəticələrlə mübarizədən kənarlaşdıran London klubu 1/4 finalın səfər matçında sərfəli nəticəyə imza atmaq istəyir.
Cari mövsümdə "Çelsi" Çempionlar Liqasında 14 qol vurub. Fernando Torres və Samuel Eto`O hərəyə 3, Demba Ba və Ramires 2 dəfə fərqlənib. Hari Kahill, Frank Lempard, Oskar və Eden Hazard rəqib qapılarına bir dəfə yol tapıb.
"Çelsi"nin cari mövsümdəki bombardiri Eden Hazarddı. Belçikalı forvard bütün turnirlərdə 15 dəfə fərqlənə bilib.
Mourinyo rekord istəyir
Joze Mourinyo 3 fərqli klubla Çempionlar Liqasını qazanan ilk mütəxəssis olmaq istəyir. Portuqaliyalı 2004-cü ildə "Portu", 2010-da "İnter"lə bu sevinci yaşayıb. "Çelsi"dəki ilk fəaliyyəti dövründə və "Real"da bu uğuru təkrarlaya bilməyən Mou Londona ikinci qayıdışında arzusunu gerçəkləşdirmək niyyətindədi. Joze Çempionlar Liqasını 3-cü dəfə qazanacağı halda 1977, 1978 və 1981-ci illərdə Çempionlar Kubokuna sahib çıxmış "Liverpul"un baş məşqçisi Bob Paysleyin uğurunu təkrarlayacaq.
PSJ - "Çelsi": 3-cü görüş
PSJ və "Çelsi" sabah üçüncü dəfə qarşılaşacaq. İki komanda ilk dəfə 2004-cü ildə Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəlmişdi. Həmin vaxt Londondakı matç 0:0, Parisdəki görüş "Çelsi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Həmin matçda Didye Droqba dubl etmiş, Con Terri 1 qol vurmuşdu.
Tərəflər son olaraq bir yoldaşlıq oyununda qarşı-qarşıya gəlib. 2012-ci ildə Nyu Yorkdakı "Yankee" stadionunda baş tutan oyunda "Çelsi"dən Nene, PSJ-dən Lukas Piazon fərqlənmişdi - 1:1.
PSJ ingilis klubları ilə oyunlarda həmişə çətinlik çəkir. Fransa klubu indiyədək İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 7 rəsmi matçda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə məğlub olub. PSJ yeganə qələbəsini 1997-ci ildə Kuboklar Kubokunun yarımfinalında "Liverpul" üzərində qazanıb - 3:0.
"Çelsi"də isə vəziyyət fərqlidi. Londonlular 10 rəsmi oyunda 4 qələbə qazanı, 3 matçda heç-heçə oynayıb və 3 dəfə məğlubiyyət acısı yaşayıb.
Eto`O oynayacaq?
Önəmli qarşılaşma öncəsi "Çelsi"də Samuel Eto`Onun durumu şübhəlidi. Zədəsi olan kamerunlu forvard matçı buraxa bilər. Onunla yanaşı, müdafiəçi Eşli Koul və yarımmüdafiəçi Marko van Ginkelin də oynayıb-oynamayacağı bilinmir.
PSJ-də isə hələlik bir problem var. Paris klubunun holland futbolçusu Qreqori van der Viel böyük ehtimalla zədə səbəbindən kənarda qalacaq.
"Çelsi"dən Branislav İvanoviç, Con Obi Mikel və Ramires, PSJ-dən isə Blayse Matuidi və Adryen Rabiot sarı vərəqə alacağı halda cavab matçında meydana çıxa bilməyəcək.
Çempionlar Liqası
2013/14 mövsümü
1/4 final (ilk oyun)
2 aprel
23.45 PSJ (Fransa) - Çelsi (İngiltərə)
PSJ (gözlənilən heyət): Salvatore Siriqu, Tyaqo Silva, Aleks, Maksvell, Markuinyos, Blayse Matuidi, Tyaqo Motta, Yohan Kabaye, Edinson Kavani, Ezekuiel Lavezzi, Zlatan İbrahimoviç.
Çelsi (gözlənilən heyət): Petr Çex, Con Terri, Branislav İvanoviç, David Luiz, Hari Kahill, Frank Lempard, Ramires, Oskar, Nemanya Matiç, Eden Hazard, Fernando Terres (Samuel Eto`O).
Baş hakim: Milorad Majiç (Serbiya).
Paris. "Parc des Princes" stadionu.
Fanat.az