Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Football Transfers": "Daha bir klub "Atletiko Madrid"in futbolçusu Joau Feliksə elçi düşüb. Söhbət "Nyukasl"dan gedir. İngiltərə təmsilçisi Portuqaliya millisinin hücumçusunu bu qış transfer etməyi düşünür. PSJ və "Mançester Yunayted" də Joaunun xidmətində maraqlıdır.
"O Jogo": "Real Madrid" rəsmiləri "Benfika"nın futbolçusu Entso Fernandesin meneceri ilə danışıqlara başlayıb. Argentina millisinin üzvü DÇ-2022-də parlaq çıxışı ilə diqqətləri üzərinə çəkib. Madridlilər tezliklə yarımmüdafiəçini heyətində görmək istəyir. Ancaq bu keçidin baş tutması "Real Madrid" üçün çətin olacaq. Belə ki, Fernandes "Benfika" ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalayıb. Sözləşməyə əsasən, Portuqaliya klubu futbolçunu ancaq 120 milyon avro qarşılığında buraxar.
"Calcio Mercato": "Milan" icarə əsasında "Real Madrid"dən aldığı Braim Diası göndərmək istəmir. Yarımmüdafiəçinin sözləşməsi gələn yay başa çatır. A Seriyası təmsilçisi ispaniyalı futbolçunu heyətində saxlamaq niyyətindədir, lakin "Real"a 22 milyon avro ödəməyə də hazır deyil. Bu səbəbdən "Milan" qiymətdə endirim üçün kral klubuna müraciət edib.
İnsayder Fabritsio Romano: "Barselona" futbolçusu Usman Dembele ilə müqaviləni yeniləmək fikrindədir. Bu barədə klubun idman direktoru Yordi Kroyff məlumat verib: "Dembele həmişə qalmaq istədiyini deyir. Biz də ondan həmişə hörmət gördüyümüz üçün Usmandan razıyıq". Kataloniya təmsilçisi gələn yay vinger ilə yeni sözləşmənin şərtlərini müzakirə etməyi planlaşdırır. Belə ki, tərəflər arasında cari sözləşmənin müddəti 2024-cü ilə qədərdir.
Röya Kərimli