Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"El Nacional": PSJ "İnter" müdafiəçisi Milan Şkrinyara elçi düşüb. Paris klubu onu mövsümün sonunda 37 yaşı tamam olacaq Serxio Ramosa əvəzedici olaraq görür. PSJ ispaniyalı müdafiəçi ilə müqaviləni yeniləmək niyyətində deyil. Ona görə də 6 ay sonra "İnter"lə sözləşməsi başa çatacaq slovakiyalı müdafiəçi Şkrinyarı əldən buraxmaq istəmirlər.
AS: Yarımmüdafiəçi axtarışında olan "Real Madrid"in 3 namizədi var. Kral klubunun A planı "Borussiya Dortmund"undan Cud Bellinqem, B planı "Benfika"dan Entso Fernandes və C planı "Yuventus"dan Manuel Lokatellidir. A və B planının alınmayacağı təqdirdə "Real" C planı üçün irəli atılacaq.
İnsayder Fabritsio Romano: Portuqaliya millisinin və "Atletiko Madrid"in ulduz futbolçusu Joau Feliks PSJ-nin hədəfindədir. DÇ-2022-də özünü yaxşı tərəfdən göstərən 23 yaşlı hücumçu Paris klubunun diqqətini üzərinə cəlb edib. Madrid klubunun baş məşqçisi Diyeqo Simeone isə bildirib ki, heyətdə heç kim toxunulmaz deyil, ona görə də Joau gedə bilər.
Röya