Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
İnsayder Nikolo Skira: "Çelsi" Donetsk "Şaxtyor"un futbolçusuna elçi düşüb. "Zadəganlar" "Arsenal"ın da istədiyi Ukrayna millisinin vingeri Mixail Mudriki heyətinə qatmaq istəyir. London təmsilçisi 21 yaşlı futbolçu üçün klubuna 80 milyon, özünə isə ildə 7,5 milyon avro ödəməyə hazırdır. Qeyd edək ki, Mixail hazırda hazırki klubunda ilinə 5,5 milyon qazanır.
"Diario Sport": PSJ Kilian Mbappe və Lionel Messi üçün Neymarla vidalaşmağa hazırdır. Paris klubu braziliyalı ulduzu bu qış satmağı planlaşdırır. Gələcək planları Lionel Messi və Kilian Mbappe üzərində qurmağı hədəfləyən klub idarəçilərinin Neymarı yola salmaqla büdcəyə qənaət edəcəkləri diqqətə çatdırılıb.
"The Telegraph": "Mançester Yunayted" yeni qapıçı bəyənib. "Qırmızı şeytanlar" "Kristal Pelas"ın üzvü Cek Batlendə maraq göstərir. 29 yaşlı qolkiperin klubu ilə müqaviləsi 30 iyun 2023-cü il tarixində başa çatacaq. Bu səbəbdən keçid baş tutarsa, "Mançester Yunayted" çox xərcə düşməyəcək.
Röya