"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş İngiltərə Premyer Liqasının 19-cu turunda "Çelsi" üzərində qazandıqları səfər qələbəsini (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvü "şəhərlilər"in rəsmi saytına danışıb:
"Bura istənilən rəqib üçün çətin yerdir. Azarkeşlər "Çelsi"ni həmişə yüksək səviyyədə dəstəkləyirlər. Bilirdik ki, işimiz asan olmayacaq. İlk yarıda çox da yaxşı görünmədik. Ancaq fasilədən sonra oyunumuzu düzəltdik. Başqa qol imkanlarımız da var idi. Bir epizodda qapı dirəyini nişan aldıq. Yekunda 3 xal qazanmışıqsa, deməli, xoşbəxt gündür.
Kevin De Bröyne qol ötürməsi verməyin rəqib qapısına yol tapmaq qədər böyük həzz olduğunu deyir? Razıyam. Mən də onun kimi düşünürəm. Xüsusilə "Lids"lə oyunda Erlinq Holanda və bu matçda Riad Mahrezə verdiyim ötürmələrdən zövq aldım. Əlbəttə, hərdən assistentlik etmək də fərqlənmək qədər xoşdur. Çünki üzərinə düşən işi lazımınca yerinə yetirdiyini anlayır, xoşbəxt olursan".
Nihat