"Beşiktaş" Türkiyə Super Liqasının 21-ci həftəsində "Alanyaspor"u qəbul edəcək.
Fanat.Az xəbər verir ki, "Vodafon Park"da oynanılacaq turun açılış matçı saat 20:00-da başlayacaq.
Super Liqada son 4 matçda qalib gələn "Beşiktaş", bu dəfə də uğurlu çıxış seriyasını davam etdirmək niyyətindədir. Cari mövsüm keçirdiyi 18 oyunda 10 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət yaşayan ağ-qara komanda 35 xalla 4-cü pillədə qərarlaşıb.
Super Liqanın geridə qalan hissəsində keçirilən matçların 6-da qalib gələn, 7-də heç-heçə edən, 6-da məğlub olan "Alanyaspor" həftəyə 25 xalla 9-cu pillədə daxil olub.
Cütün favoriti İstanbul nəhəngi olsa da, "qara qartallar" meydana itkilərlə çıxacaq.
Belə ki, sarı vərəqə limitini dolduran Neytan Redmond və Romen Saiss, qırmızı vərəqə cəzalısı Valentin Rozye, zədəlilər - Raşid Qezzal və Jozef de Souza Dias heyətə daxil edilməyib.
Komandadakı ciddi çatışmazlıqlara görə baş məşqçi Şenol Günəş qayğılıdır. O, narahatlığını mətbuata belə ifadə edib:"Zirvə yarışından qopmamaq üçün “Alanyaspor”la matçda qələbə seriyasını davam etdirməliyik. Cəzalı və zədəlilərimiz var amma qalib gəlmək məcburiyyətindəyik. Uğurlu seriyanın davamını gətirməyə çalışmalıyıq. Xüsusilə hücumda daha bacarıqlı olmalıyıq".
Bu arada türkiyəli həmkarlarımız bugünki qarşılaşmanın ehtimal 11-liyini dərc edib:
"Beşiktaş" - Mert, Tayfur, Tayyip, Velinton, Masuaku, Salih, Jedson Fernandeş, Delle Alli, Kevin Nkudu, Cenk, Abubakar ;
"Alanyaspor" - Runnarson, Leroy Fer, Furkan, Fatih, Umut, Arno Lusamba, Zinedin Ferhat, Yusuf, Efecan, Efkan, Ahmed Hassan.
"Beşiktaş" Superliqada 14-cü dəfə "Alanyaspor"a qarşı meydana çıxacaq.
İki komanda arasında oynanılan 13 matçın 9-nu İstanbul təmsilçisi, 2-də isə "Alanyaspor" qalib gəldi. 2 görüş heç-heçə başa çatıb.
Adıçəkilən qarşılaşmalarda “Beşiktaş” 28, “Alanyaspor” isə 13 qol vurub.
"Ağ-qaralar" evində alaniyalılara qarşı keçirdiyi 6 görüşün hamısında qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Yaşar Kamal Uğurlu olacaq. "Beşiktaş" - "Alanyaspor" matçını "BeIN Sports" canlı yayımlayacaq.
Rafael