Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən norveçli futbolçu Fredrik Gulbrandsen zəlzələ zamanı yaşadıqlarını danışıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu Norveç mediasında açıqlamasında o günü belə xatırlayıb:
"Fənərbağça" ilə matçdan sonra zədələnmişdim. Zəlzələyə Adanada yaşadığım 15 mərtəbəli rezidensdə yaxalandım. Evdə ayağa durmağa çalışdım. Ancaq yeraltı təkanlar güclü olduğu üçün ayağa qalxmaqda çətinlik çəkdim. Sürünərək bəzi geyimlər götürdüm və pilləkənlərdən istifadə edərək binanın çölünə çıxdım. O binadan sağ çıxdığıma hələ də inana bilmirəm".
Gulbrandsen yaşadıqlarının onda psixoloji travma yaratdığını bildirib: "Travmatik və sürreal vəziyyət yaşadıq. Ailəm də, mən də yaxşıyıq. Dağıntılar çoxdur. Vəziyyətin necə olacağını gözləyirik. Bütün idman yarışlarına fasilə verilib. Uzun müddət davam edərmi bilmirəm, ancaq məncə, elə olacaq. Bu qədər insan yaşamaq üçün mübarizə apardığı vaxtda bizim futbol oynamağımız mənasızdır".
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb, 62 914 nəfər isə yaralanıb.
Röya