Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.
Tabeliyində olan qadın işçilərə qarşı qeyri-etik davranış, həmçinin irqçi münasibət iddiaları ilə bağlı təzyiq altında olan 81 yaşlı funksioner postundan ayrılmalı olub.
Onun səlahiyyətləri müvəqqəti olaraq Filipp Dialloya tapşırılıb.
2011-ci ildən FFF-nin prezidenti olan, lakin son vaxtlar, xüsusən də radio verilişində Zinəddin Zidana qarşı aşağılayıcı ifadələrindən sonra populyarlığı azalan Le Qreyin yeni iş yeri də bəllidir. O, bundan sonra FİFA-da çalışacaq. Bu barədə beynəlxalq futbol qurumunun əməkdaşı Erik Borqini məlumat verib. O, fransalı funksionerin FİFA-nın Paris ofisinə rəhbərlik edəcəyini deyib.
Qeyd edək ki, hələ bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makronun FFF-yə UEFA-nın keçmiş rəhbəri Mişel Platini gətirmək istəməsi haqda xəbər yayılmışdı.
Mirağa