UEFA "Barselona"nı Çempionlar Liqasında kənarlaşdıracağı halda, Kataloniya təmsilçisi qitə futbol qurumundan 100 milyon avro təzminat istəyə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İspaniya nəhəngi ən nüfuzlu klub turnirinə buraxılmayacağı və böyük məbləğdə vəsait itirəcəyi təqdirdə, bu addımı atacaq.
Xəbərə görə, UEFA bu barədə hər hansı qərar qəbul etmədən öncə İspaniya məhkəməsinin hökmünü gözləməlidir.
Xatırladaq ki, daha öncə "Barselona"nın 2016-2018-ci illər aralığında Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra 7,3 milyon avro ödədiyi bəlli olub. "Blauqrana" rəsmiləri bu məbləği sözügedən futbol məmuru onlara gənc oyunçular və hakim idarəçiliyi haqda müntəzəm hesabat hazırladığı üçün verdiklərini bildiriblər. Neqreyranın özü də "Barsa"ya konsaltinq xidmətləri göstərdiyini və qarşılığında pul aldığını söyləyib. Tərəflərin açıqlamalarına rəğmən, yerli prokurorluq və futbol ictimaiyyəti "Barselona"nı hakimlərə rüşvət verməkdə suçlamağa davam edir. İspaniya prokurorluğu korrupsiya, sənədlərlə bağlı fırıldaqçılıq, klub rəhbərliyinin vəzifəsindən sui-istifadəsi ittihamı ilə "Barselona"dan məhkəməyə şikayət etsə də, bunu sübuta yetirəcək hər hansı sənəd tapa bilməyib. UEFA-nın araşdırmaları isə davam edir.
Nihat