Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"90 Min": "Mançester Yunayted" "Valensiya"nın qapıçısı Qiorqiya Mamardaşvili ilə danışıqlar aparır. 22 yaşlı gürcüstanlı futbolçu La Liqa klubunun əsas oyunçusudur. Bununla yanaşı, gənc qolkiper "Tottenhem" və "Çelsi"nin də hədəfindədir.
"Sport Witness": "Sevilya"nın qapıçısı Yassin Bunu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Mərakeş millisinin üzvü "Lids Yunayted"un hədəfindədir. Çünki hazırki qapıçısı İlan Melyenin komandada gələcəyi sual altındadır.
Bunu "Sevilya"nın heyətində 134 matçda meydana çıxıb, DÇ-2022-də isə Mərakeş millisinin heyətində özünü yaxşı tərəfdən göstərib. Ancaq La Liqanın son iki oyununda Yassini Marko Dmitroviç əvəz edib. Bu səbəbdən "Sevilya" iki liderdən birinin gedişinə qərar verəcək.
İnsayder Florian Plettenberq: "Leyptsiq"in forvardı Kristofer Nkunku "Çelsi"yə keçməyə hazırlaşır. Bundesliqa təmsilçisi hücum xəttində yaranan boşluğu "Arsenal"ın futbolçusu Folarin Baloqun ilə doldurmağı planlaşdırır. 21 yaşlı ingiltərəli hücumçu hazırda icarə əsasında "Reyms"də çıxış edir.
Röya