"Napoli"nin baş məşqçisi Luçano Spalletti komandasının Çempionlar Liqasının 1/4 finalı çərçivəsində bu gün keçirəcəyi matçdan - "Milan"a qarşı cavab qarşılaşmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə çatdırıb:
"Mən yalnız növbəti mərhələyə yüksələcəyimiz halda, razı qalacam. Yaxşı çıxış fonunda yarımfinala yüksəlməsək, bu, yalnız zəif təsəlli sayılacaq. Biz ilk matçdakı kimi oynamalıyıq. Düzdür, minimal hesabla uduzduq, amma inamla mübarizə apardığımız üçün vicdanımız sızıldamır. Boş zonalar axtarmalı, qol epizodları yaratmalı, keyfiyyətli, inamlı futbol sərgiləməliyik. Oyunun taleyini təkbaşına həll edəcək futbolçularımız çox olmadığı üçün ortaya əsl komanda ruhu qoymalıyıq.
Əlavə vaxt və oyunsonrası penaltilər? Biz hər şeyə hazır olmaq istəyirik. Penaltilər üzərində çalışmışıq. Hazırda bir neçə futbolçumuzun xidmətindən məhrumuq. Lakin hədəfimiz uğrunda sonadək mübarizə aparmaqda israrlıyıq".
Qeyd edək ki, tərəflərin ilk dueli "Milan"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nihat