Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Le Parisien": PSJ baş məşqçisi Kristof Qaltyeni istefaya göndərib. Bu xəbəri mütəxəssisə klubun idman direktoru Luiş Kampuş verib. 56 yaşlı fransalı mütəxəssis 2022-ci ildən Paris klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında cari mövsümünün qalibi olub.
Qeyd edək ki, Qaltyenin sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulmuşdu.
“Todofichajes”: "Liverpul" Almaniya Bundesliqasından futbolçu bəyənib. Söhbət "Bayern Münhen"in müdafiəçisi Benjamin Pavardan gedir. Ancaq 27 yaşlı fransalı futbolçunun transferi elə də asan olmayacaq. Belə ki, Pavarı "Mançester Siti", "İnter" və "Borussiya Dortmund" da heyətinə qatmaq istəyir.
2019-cu ildə "Ştutqart"dan "Bayern Münhen"ə keçən oyunçunun klubu ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
***
Rəsmi: "Real Madrid"dən ayrılan ulduz futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə anlaşıb. 35 yaşlı hücumçu 3 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, fransalı forvard 2009-cu ildən “Real Madrid”də çıxış edib. O, Madrid təmsilçisinin heyətində 648 oyuna 354 qol vurub, 165 məhsuldar ötürmə edib.
Rəsmi: "Sevilya" baş məşqçisi Xose Luis Mendilibar ilə müqaviləni yeniləyib. Tərəflər arasında anlaşma gələn mövsümün sonuna kimi davam edəcək. 62 yaşlı ispaniyalı mütəxəssis "Sevilya"ya bu il keçib .
Rəsmi: "Borussiya Münhenqladbax"ın yeni baş məşqçisi bəlli olub. Bundesliqa təmsilçisi Xerardo Seoane ilə anlaşıb. 44 yaşlı isveçrəli mütəxəssislə 3 illik sözləşmə imzalanıb.
Seoanenin son iş yeri "Bayer Leverkuzen" olub. O, komandaya 2021/22-ci illər mövsümündə Bundesliqanın bürünc medallarını qazandırıb. Məşqçi yeni klubunda Daniel Farkeni əvəz edib.
Röya