Braziliya Futbol Konfederasiyası (CBF) "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin ölkə yığmasına təyinatını reallaşdırmaq üçün yeni varianta əl atıb.
Fanat.Az "ESPN Brasil"ə istinadən xəbər verir ki, milliyə əvvəlcə italiyalı mütəxəssisin oğlu David Ançelotti gətiriləcək.
33 yaşlı oğul-Ançelotti Braziliya millisinin müvəqqəti baş məşqçisi Ramon Menezesin məşqçilər korpusuna daxil ediləcək. Karlonun özünün isə 2024-cü ildə Madrid klubu ilə müqaviləsi başa çatdıqdan sonra "sambaçı"lara qoşulacağı nəzərdən keçirilir.
2016-cı ildən "Real Madrid"də atasının köməkçisi işləyən Davidin Braziliya millisinə oyunçu seçimində iştirak edəcəyi gözlənilir. Bütün detallar tərəflər arasında iyunun sonunda baş tutacaq görüşdə müzakirə olunacaq.
CBF hesab edir ki, milli komandaya faktiki təyinatdan xeyli əvvəl məşqçilər korpusunda etibarlı adamın olması Karlonun adaptasiyasını asanlaşdıracaq.
Mirağa