"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem La Liqanın 2-ci turunda "Almeriya" üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" bu matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 20 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Geridönüş etməyimiz və mübarizə istəyimiz xoşuma gəldi. Adətən komandalar hesabda geri düşəndən sonra vəziyyəti dəyişməyə çətinlik çəkir. Amma bizdə belə deyil. Təşvişə düşmədik və arzulanan nəticəni qazandıq. Qol vurduğum üçün şadam, ancaq əsas olan komandaya fayda verməkdir. İndi ötənmövsümkündən on dəfə yaxşı oynadığımı düşünürəm. Komanda yoldaşlarımdan çox şey öyrənirəm. Burada səviyyə çox yüksəkdir. Mən də öyrəndiklərimi süngər kimi canıma çəkirəm. Qarşıda hələ çox oyun var. Öz üzərimdə işləməli, komandaya fayda verməyə davam etməliyəm. Ümid edirəm ki, oyunum azarkeşlərin xoşuna gələcək.
"Real"ın geridönüşlərini uşaq vaxtı televizorda çox görmüşəm. Yaxşı yadıma gəlir, o vaxt düşünürdüm ki, bacarmayacaqlar. Amma "Real" işinin öhdəsindən gəlirdi".
Nihat