İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qarri Nevill Premyer Liqada çempionluq uğrunda mübarizədən danışıb.
Fanat.Az xəbər verir ki, hazırda televiziya eksperti qismində çalışan Nevillin dediklərini "Sky Sports" belə çatdırıb:
"Ötən mövsüm çempionluğa yaxın olması "Arsenal"ın titula sahib çıxacağını söyləməyə əsas verir. Fikrimcə, bu mövsüm də hədəflərinə yaxın olacaqlar. Həm də düşünürəm ki, "Mançester Siti" trebldən sonra "paxmeldir" (sözün Azərbaycan dilinə dəqiq tərcüməsi olmadığı üçün deyildiyi kimi yazılıb - red.).
"Şəhərlilər" nə qazanacaq? Onlar zirvəni fəth ediblər. Komanda uzun müddət xəyallarını qurduğu hədəfə çataraq Çempionlar Liqasının qalibi olubsa, trebl edərək "Mançester Yunayted"in nəticəsini təkrarlayıbsa, istər-istəməz müəyyən yüngülləşmə yaranır. Yaxşı xatırlayıram, "Mançester Yunayted" trebldən sonra çox çətin mövsüm keçirmişdi. Düzdür, liqanın qalibi olduq, amma o vaxt əsas rəqiblərimiz yaxşı vəziyyətdə deyildilər. Şəxsən mən həmin mövsümdə çox güc sərf etmişdim. Məncə, "Siti"nin futbolçuları da yorğunluq hiss edəcəklər".
Qeyd edək ki, 8 turdan sonra 20 xalı olan "Tottenhem" İPL-in turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Arsenal" 2-ci, "Mançester Siti" (18 xal) isə 3-cü pillədə mövqe tutub.
Nihat