Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Nyukasl"la keçirəcəkləri oyun haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini Bundesliqa təmsilçisinin rəsmi saytına bölüşüb:
“Nyukasl”la ilk oyun göstərdi ki, biz yüksək səviyyədə çıxış edə bilərik. Əvvəlki matçlarda daha çox şeyə qadir olduğumuzu göstərmişik. Sabah da belə bir şansımız var və komanda olaraq yaxşı çıxış edəcəyimizə əminəm.
Biz onların üstün cəhətlərindən xəbərdarıq. "Nyukasl"ın nə qədər yaxşı kollektiv olduğunu iki həftə əvvəl öyrəndik. Rəqib tam gözlədiyimiz kimi çıxdı: çox cəsur və çox aqressiv oynadı, durmadan pressinq tətbiq etdi. Bununla belə, biz özümüzü itirmədik. İlk hissədə həm hücumda, həm də müdafiədə əla oyun sərgilədik”.
Qeyd edək ki, ilk oyunda "Nyukasl"ı 1:0 hesabı ilə yenən "Borussiya" yer aldığı F qrupunda 4 xalla 2-ci yerdədir. Bundesliqa təmsilçisi eyni xala malik "sağsağanlar"ı şəxsi oyundakı nəticəyə görə qabaqlayır. PSJ (6 xal) qrupun lideridirsə, Milan (2 xal) sonuncu pillədə mövqe tutub.
Nihat