"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayern Münhen"dən aldıqları məğlubiyyəti dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında belə danışıb:
"Futbolçularıma təşəkkür edirəm. Hər iki matçda yaxşı oynadılar. Hesabda önə keçə bilərdik. Alfonso Deyvis ikinci sarı vərəqə ilə meydandan qovula bilərdi. Barışın ayağını tapdalamışdılar. Bunlar oyundakı qırılma anları oldu. Yaxşı komandaya qarşı istədiyimiz kimi oynadıq. Rəqibin oyunçuları əla formadadır. "Bayern" Çempionlar Liqasını qazana biləcək komandadır.
1 xal qazana bilsəydik, qrupdan çıxmaq rahat olardı. Son dəqiqələrə kimi çalışdıq, amma hesabı dəyişdirə bilmədik. İkardinin əzələ ağrısı oldu və özünü yaxşı hiss etmədiyi üçün əvəzlənmək istədi. Yorğun futbolçuları da meydandan almalı olduq. Hakim Zieşə diqqət yetirmək istəyirik. 3 gün sonra matçımız var. Hazırda ciddi zədəmiz yoxdur.
Düzgün oyun nümayiş etdiririk. Bu il komandaya çoxlu yeni futbolçu qatıldı.Komanda olaraq yaxşılaşmağa başladıq. Növbəti hədəfimiz qalan iki matçda qalib gəlib qrupdan çıxmaqdır. Bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Biz buradan xalla ayrılmaq istəyirdik. Əgər 1:0 önə keçsəydik, bizim üçün başqa cür ola bilərdi. İlk dəfə Çempionlar Liqasında çıxış edən hakim oyunumuza təyinat almışdı. Səhv etməsi normaldır. İstədiyimizi etməyə çalışdıq. Sayılmayan qolumuz oldu. Ümumilikdə yaxşı çıxış etdik. Futbolçularım əllərindən gələni etməyə çalışdılar. Onlara təşəkkür edirəm".