"Yuventus"un yarımmüdafiəçisi Adrian Rabyo A Seriyasının 13-cü turunda "İnter"ə qarşı keçirdikləri ev oyunu barədə (1:1) fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, fransalı futbolçunun dediklərini Turin klubunun rəsmi saytı belə çatdırıb:
"Bu, yaxşı nəticədir. Əlbəttə, qalib gəlmək istəyirdik, amma unutmayaq ki, güclü rəqiblə mübarizə apardıq. Hələ çempionatdakı mübarizənin heç yarısı da geridə qalmayıb. Ona görə də bu, həlledici sınaq deyildi. Qol buraxdığımız epizodda onlara ifrat təzyiq etdik və rəqib belə durumda hücuma çıxaraq qapımıza yol tapdı. Bilirik ki, onların çox yaxşı hücum xətti var.
Duşan Vlahoviçin qoluna gəlincə, fərqlənməsi ona özünəinam verəcək. Duşan əla futbolçudur, bizə onun bacarıqları çox kömək edə bilər. Vlahoviçlə Kyeza özlərini meydanda əla hiss edirlər. Onların oyunundan razıyam. Növbəti matçda daha yaxşı oynamaq barədə düşünməliyik".
Qeyd edək ki, 13 tura 30 xal toplayan "Yuventus" A seriyasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub. 32 xala malik "İnter" isə liderdir.
Nihat