"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 19-cu turunda "Vest Hem"dən aldıqları məğlubiyyəti (0:2) şərh edib.
Fanat.Az xəbər verir ki, BBC ispan mütəxəssisin dediklərini belə çatdırıb:
"100 dəqiqə dominantlıq etdik. Önəmli anlarda futbolçularımız rəqibin cərimə meydançasında nəzarətsiz qalsalar da, istəyimizə çata bilmədik. Əlbəttə, paltardəyişmə otağında vəziyyət mürəkkəbdir. Amma 72 saatdan sonra daha bir matçımız var. Bu, futboldur. Biz müəyyən komponentlərdə mükəmməlləşməliyik".
Xatırladaq ki, "Arsenal" son 5 oyunun birində qələbə qazanıb. 40 xala malik "topçular" İPL-in turnir cədvəlində 2-ci pillədə mövqe tutublar.