"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill "Çelsi" rəhbərliyini heyətə yeni cəlb olunan futbolçularla uzunmüddətli müqavilələrə görə tənqid edib.
Fanat.Az xəbər verir ki, o, "YouTube" üzərindən yayımlanan "Sky Sports Premier League" kanalına belə danışıb:
"Çelsi"dəki kimi səkkizillik müqavilələr bütün tərəflərdən çox pisdir. Çünki məncə, belə anlaşmaların mənası yoxdur. Bu cür müqavilələr yalnız gənc oyunçuların özləri üçün sərfəlidir. 21-22 yaşlı futbolçu böyük pullar qarşılığında uzunmüddətli sözləşməyə imza atır və arxayınlaşır. Klub özlüyündə oyunçuları nəzarətdə saxladığını düşünə bilər, ancaq gənclərin əksəriyyətinin fikri başqadır. Onların çoxu "mən varlıyam, doğrudan da çox varlıyam" düşüncəsi ilə yaşayırlar. Bəli, təəssüf ki, bu məqam bir sıra gənclərin düşüncə tərzinə təsir edir".
Qeyd edək ki, 33 oyuna 48 xal toplayan "Çelsi" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Nihat