İngiltərə Premyer Liqasının 35-ci turunda "Vest Hem"lə 2:2 hesablı bərabərliyə razılaşan "Liverpul"un hücumçusu Məhəmməd Salahın həmin matçda "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppla mübahisə edərkən ona nə dediyi bəlli olub.
Fanat.Az xəbər verir ki, insidentin təfərrüatlarını "Sport Bible" açıqlayıb.
Məlumata görə, alman mütəxəssis 82-ci dəqiqədə meydana çıxmağa hazırlaşan Salahın əlini sıxmaq istəsə də, misirli onun jestinə soyuq yanaşıb. Mənbə oyuna dərhal qoşulmağa hazır olmayan ön xətt oyunçusunun "mən belə vəziyyətdə heç nə edə bilmərəm, heç nə" sözləri ilə alman çalışdırıcını qıcıqlandırdığını vurğulayıb. Daha sonra Kloppun Məhəmmədi acıladığı, forvardın isə buna cavab olaraq "indi çıxıb yeddi ildən sonra qırmızı vərəqə alacam" dediyi bildirilib.
Xatırladaq ki, insidentin böyüməsinə həmin vaxt meydana çıxmağa hazırlaşan və Salahın yanında olan komanda yoldaşları - Darvin Nunyeslə Co Qomes mane olublar.
Nihat