"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının İngiltərə Premyer Liqasında ardıcıl dördüncü çempionluğunu qazanmasının nə qədər vacib olduğundan danışıb.
Fanat.Az xəbər verir ki, "The Guardian" ispaniyalı mütəxəssisin bu gün "Tottenhem"lə keçiriləcək çempionat oyunundan əvvəl baş tutan mətbuat konfransındakı fikirlərini belə çatdırıb:
“Heç kim ardıcıl 4 Premyer Liqa titulunu qazana bilməyib: nə Ser Aleks Ferqyusonun “Mançester Yunayted”i, nə Joze Mourinyonun “Çelsi”si, nə də Arsen Vengerin “Arsenal”ı. Bu, bu nailiyyətin nə qədər çətin olduğunu göstərir. Bütün bu komandalar oxşar uğur qazana bilərdi, amma sonda uğursuz oldular”.
“Mançester Siti” hazırda lider “Arsenal”dan bir xal geri qalır, lakin Qvardiolanın komandası bir oyun az keçirib. Bu həftəsonu isə Premyer Liqanın final oyunları keçiriləcək.
Mirağa