Moskvanın “Spartak” klubunun hücumçusu Kuinsi Promes Birləşmiş Ərəb Əmirliklərində həbsdən azad edilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Het Parool" yayıb.
Mənbənin məlumatına görə, niderlandlı ekstradisiya işi açılana kimi yerli hakimiyyət orqanlarının qərarı əsasında sərbəst buraxılıb. Promesin zaminə buraxıldığı güman olunur. Belə vəziyyətdə olan şəxslərin ölkədən çıxmasına icazə verilmir.
Xatırladaq ki, Promes ötən ilin martında Dubayda həbs edilmişdi. 32 yaşlı futbolçu ölkəsində qiyabi olaraq 7,5 il həbs cəzasına məhkum edilib ki, bunun 6 ili kokain qaçaqmalçılığına, 1,5 ili isə əmisi oğlunu bıçaqladığına görədir.