Yuventus" baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, qərar mütəxəssisin İtaliya Kubokunun finalının - "Atalanta" ilə oyunun gedişində və matçdan sonra klubun dəyərləri ilə uzlaşmayan davranışlarına görə qəbul edilib.
Xatırladaq ki, 90+3-cü dəqiqədə matçın baş hakimi Fabio Mareska “Yuventus”un müdafiəçisi Bremerə qarşı qayda pozuntusunu dərhal qeydə almadığı üçün Alleqri özündən çıxıb. O, gödəkçəsini cırıb, ehtiyat hakimin yanına qaçıb və onun üzünə qışqırmağa başlayıb. Buna görə italiyalı mütəxəssisə qırmızı vərəqə verilib. Alleqri eyni zamanda "Tuttosport" qəzetinin direktorunu təhqir edərək hədələyib.
Alleqri 2021-ci ilin mayından "zebrlər"i çalışdırırdı. "Yuventus" onun rəhbərliyi altında bütün turnirlərdə 149 oyuna çıxıb. Turin komandası bu qarşılaşmalarda 80 qələbə, 34 heç-heçə, 35 məğlubiyyət görüb.
Turin təmsilçisi "Atalanta"ya 1:0 hesabı ilə qalib gələrək kuboka yiyələnib.