"Milan"ın müdafiəçisi Simon Kyer karyerasını İtaliya nəhəngində davam etdirməyəcək.
Fanat.Az xəbər verir ki, İtaliya klubu futbolçusundan ayrıldığını açıqlayıb.
2020-ci ilin yanvarından "Milan"da çıxış edən danimarkalı ümumilikdə İtaliya klubunda 120 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. O, bu mövsüm 24 dəfə meydanda görünsə də, çox vaxt sonradan oyuna qoşulub.
Beləliklə, tərəflər 30 iyun 2024-cü ilə qədər qüvvədə olan müqavilənin müddətinin uzadılmamasına qərar veriblər. 35 yaşlı Simon "rossoneri"dən sərbəst futbolçu kimi ayrılacaq.
Təcrübəli müdafiəçi Danimarka yığmasının vacib fiqurudur. O, hazırda AÇ-2024-ə hazırlaşır. Turnirin qrup mərhələsində onun komandası Serbiya, İngiltərə və Sloveniya ilə qarşılaşacaq.