"Vest Hem"in və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paqueta 10 ilədək futboldan uzaqlaşdırılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Yarımmüdafiəçi İngiltərə Futbol Assosiasiyası tərəfindən dörd matçda oyun mərc qaydalarını pozmaqda ittiham edilir. Qurum braziliyalı futbolçunun qəsdən hakimdən xəbərdarlıq almağa çalışdığını və bu yolla bir və ya bir neçə şəxsin mərclərdən qazanc əldə edə bilməsinə şərait yaratdığını iddia edir.
İstintaq, Paquetanın keçən il avqustda "Bornmut"la 1:1 hesablı heç-heçə bitən matçda aldığı sarı vərəqədən sonra araşdırmaya başlayıb.
26 yaşlı futbolçu Premyer Liqada "Lester" (12 noyabr 2022), "Aston Villa" (12 mart 2023), "Lids" (21 may 2023) və "Bornmut" (12 avqust 2023) klublarına qarşı keçirilən matçlarda da oxşar şübhəli hərəkətlə yadda qalıb.
“Vest Hem”in oyunçusuna ittihamlara cavab vermək üçün iyunun 3-nə qədər vaxt verilib. Futbolçunun günahı sübuta yetirilərsə, o, 10 ilədək diskvalifikasiya ilə üzləşə bilər.
İngiltərə futbolunda artıq oxşar presedent olub - "Redinq"in keçmiş futbolçusu Kinan İsaak bilərəkdən sarı vərəqə aldığı üçün eyni müddətə futboldan kənarlaşdırılıb.