Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində bu gün Avstriya yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Emosiyalara qapılmamalıyıq. Biz revanş barədə düşünə bilmərik (mart ayındakı yoldaşlıq görüşündə Avstriyadan aldıqları 1:6 hesablı məğlubiyyəti nəzərdə tutur - red.). Rəqibin nəyə qadir olduğundan xəbərdarıq, amma öz gücümüzə də bələdik. Tribunların qırmızı-ağ bayraqlarla dolacağını gözləyirəm. İndiyədək azarkeşlərimiz bizi çox yüksək səviyyədə dəstəkləyiblər. Bu, bizə üstünlük verəcək".
Qeyd edək ki, Avstriya - Türkiyə qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat