Klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda "River Pleyt"i 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksələn "İnter"in hücumçusu Françesko Espozito matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, matçın 72-ci dəqiqəsində A Seriyası təmsilçisinin forması ilə ilk qolunu vuran 19 yaşlı forvardın sözlərini "qara-göylər"in rəsmi saytı belə çatdırıb:
"Hələ də nə baş verdiyini tam anlaya bilmirəm. Bu, yuxu kimi idi. Qışqırdım, ətrafa baxdım və sonra gördüm ki, Lautaro Martines qolu bayram edir. O zaman anladım ki, hər şey realdır! Bu, "Spetsia"da illərlə çəkilən zəhmətin nəticəsidir. Debütümdən cəmi bir neçə gün sonra ilk qolumu vurmağım inanılmazdır.
Bu, mənə pley-offun finalındakı qolumu xatırladırmı? Xoşbəxtlikdən, "River Pleyt"ə vurduğum qol daha vacib idi və əsl məna daşıyırdı. Fərqlənə bildiyim üçün çox şadam. Əzələ pozası mənim qol sevincimdir. Qardaşımı görəndə dərhal onu qucaqlamağa qaçdım".
Nihat