Türkiyənin 1-ci Liqasına vəsiqə qazanan "Serik Belediyespor" komandasına baş məşqçi təyin edilən Serhey Yuran planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Rusiyanın "çempionat" saytı belə çatdırıb:
"Serik Belediyespor"a rusiyalı futbolçuları da cəlb edtmək istəyirəm. Səkkiz əcnəbi sifariş edə bilərik. Bu səbəbdən heyətin komplektləşdirilməsinə diqqətlə yanaşmalıyıq. Legionerlər arxasınca vaqonları daşıyan teplovoz olmağı bacarmalıdırlar. Əlbəttə ki, səviyyəli türk oyunçuları da nəzərdən keçirəcəyik".
Yuranın son iş yeri 2024-cü ilin aprelində ayrıldığı "Pari NN" komandası olub. O, 2011-ci ilin iyulundan 2012-ci il fevralın 27-dək Zaqatalanın "Simurq" komandasını çalışdırıb. Ötənlərin tanınmış futbolçusu 2022-ci il fevralın 23-dən avqustun 9-dək "Ximki"də də eyni vəzifədə işləyib.
Qeyd edək ki, "Serik Belediyespor"un səhmlərinin 50 faizini daha əvvəl Rusiya "Ximki"sinin əsas səhmdarı olmuş azərbaycanlı iş adamı Tufan Sadıqov 4 milyon avroya alıb.