"Çelsi"nin ulduzu Eden Hazard "Real"a transfer oluna bilər. Fanat.Az xəbər verir ki, bununla bağlı onun atası Tyerri Hazard açıqlama verib.
"Le Soir"a danışan futbolçunun atası "Çelsi" ilə 2020-ci ilədək müqaviləsi olan oğlunun yeni anlaşma təklifini rədd etdiyini bildirib. Onun sözlərinə görə, Hazard bununla "Real" üçün "açıq qapı" qoyduğunu deyib.
Hazard özü isə ötən ay "Canal Plus"a açıqlamasında "Hər kəs "Real"a olan sevgimi" bilir" deməklə transfer siqnalı vermişdi.
İddialara görə, La Liqada "Barselona"dan 14 xal geri qalan "Kral Klubu" yanvarda belçikalı ulduzu heyətinə qatmaqla transfer bombasını partlatmaq istəyir. 26 yaşlı futbolçu üçün "Real"ın 90 milyon avroya təklif etdiyi deyilir.
Qeyd edək ki, "Çelsi"nin 2012-ci ildə "Lill"dən 35 milyon avroya aldığı futbolçuya hazırda "Transfermarkt" 75 milyon avro qiyiət qoyub. Hazard cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı iki oyun keçirib. Londonda baş tutan ilk matçın (6:0) 58-ci dəqiqəsində meydana çıxan futbolçu Bakıdakı görüşdə (4:0) 65 dəqiqə oynayıb və 21-ci dəqiqədə penaltidən hesabı açıb, 36-cı dəqiqədə isə Villiana ikinci qolun ötürməsini verib.
Fanat.Az