"Tottenhem"in ulduzu Heunq-Min Son gözlənilməz çağırış alıb. Fanat.Az xəbər verir ki, Cənubi Koreya millisinin üzvünə vətənindən hərbi xidmətə çağırış vəsiqəsi gəlib.
Cənubi Koreyada məcburi hərbi xidmət 2 ildir. Hazırda formasının zirvəsində olan Son hərbi xidmətə getməklə karyerasına böyük zərbə vurmuş olacaq. Amma bu vəzifəsini yerinə yetirməkdən imtina edəcəyi halda isə həbs olunmaq təhlükəsi ilə üz-üzə qalacaq.
Lakin Sonun hərbi xidmətdən yayınmaq üçün bir şansı var. Belə ki, Cənubi Koreya qanunlarına görə, Yay Olimpiya Oyunlarında və Asiya oyunlarında medal qazanmış idmançılara hərbi xidmətə getməməklə bağlı güzəşt edilir. Sonun hələ heç bir olimpiya medalı yoxdu. Amma yeganə şansı avqust ayında keçiriləcək Asiya oyunlarında Cənubi Koreya millisinin heyətində yer almaq və medal qazanmaqdır.
Cənubi Koreyada əsgərlik problemi səbəbi ilə idmançıllar və sənətçilər müxtəlif yollara əl atmalı olur. Məsələn, məşhur koreyalı pop müğənnisi Yoo Seunq Yun əsgər getməmək üçün ABŞ vətəndaşlığını qəbul etmişdi.
Qeyd edək ki, Heunq-Min Son 2015-ci ildə "Bayer"dən "Tottenhem"ə 30 milyon avroya transfer olunub. 25 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 43 rəsmi oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə edib.
Fanat.Az